Bu gün Bakı limanında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Bakı Beynəlxalq Dəniz Ticarəti Lİmanı” QSC arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov və “Bakı Beynəlxalq Dəniz Ticarəti Lİmanı” QSC –nin baş direktorunun müavini Məftun Abbasov imzalayıblar.
Anlaşma Memorandumu konteynerlə yükdaşımalar üzrə tərəfdaşlıq əlaqələrinin yaradılması, konteynerlə yükdaşımalar üzrə logistika fəaliyyətinin birgə koordinasiyası, iş prinsipinin bütün mərhələlərində əməliyyatın və resurs bölgüsünün optimallaşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.
Tərəflər Azərbaycanda və regionda multimodal konteyner daşımalarının artan əhəmiyyətini vurğulayıblar. Konteynerlə yükdaşımalar və logistika sahəsində fəaliyyətin əlaqələndirilməsinin hər iki tərəf üçün faydalı olduğu qeyd edilib.
Tərəflər Çindən, Uzaq Şərqdən və Orta Asiyadan Avropaya və əks istiqamətdə hərəkət edən yüklərin aşırılması, yük konteynerlərinin təslimat və saxlancının təşkil olunması üçün Bakı Limanının konteyner terminalının potensialından istifadə edilməsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Sənəddə təchizat zəncirinin idarə olunması prosesinin dəstəklənməsi məqsədilə innovativ rəqəmsal həllərin işlənib hazırlanması və həyata keçirilməsi, Bakı Limanının açıq və qapalı anbar ərazilərində həyata keçirilə biləcək əlavə dəyər yaradan xidmət və logistik fəaliyyətlərin dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərilməsi, beynəlxalq tədbirlərdə, o cümlədən sərgilərdə tərəflərdən birinin dugər tərəfin təqdim etdiyi xidmətləri və logistik məhsulları təşviq etəsi, xarici tərəfdaşlarla birgə işgüzar əlaqələrin yaradılması da yer alıb.
©Report