9 C
Baku
Thursday, December 12, 2024

Oxucuların üç pis vərdişi və onlardan qurtulmağın yolları

Siz bilirdiniz ki, insanların 99%-i altıncı sinif şagirdi olduqları dövrdəki kimi oxuyurlar? Metod, oxu sürəti və qavrama qabiliyyəti – o vaxtdan bəri hər şey dəyişməz qalıb. Məsələ orasındadır ki, məktəb bizə düzgün oxumağı öyrətmir. İnformasiyanı on qat daha sürətli mənimsəmək istəyirsiniz? “Beynin inkişafı” kitabındakı məsləhətlər sizə bu işdə kömək edə bilər. 

Oxucuların pis vərdişləri:

1. Diqqətin yayınması (bir-birinə dolaşan fikirlər)

Bu çoxlarımızın başına gəlib: səhifəni və ya bölümü oxuduqdan sonra heç nə xatırlaya bilmədiyimizi başa düşürük. Əsas səbəb diqqətin yayınmasıdır. Qəribədir: gözlər səhifəni nəzərdən keçirirlər, beyin isə məşğuldur.. nə ilə? Kim bilir! Problem ondadır ki, oxuduğumuz materialı yadımızda saxlaya bilmirik və bu səbəbdən eyni şeyi təkrar oxumalı oluruq! Bəzi hallarda bu vərdiş faydalıdır. Əslində, beynin oxuduğu materialı başqa hər hansısa mövzu ilə əlaqələndirməsi yaxşıdır, amma fikirlərin uzaqlarda olmasında yaxşı heç nə yoxdur. 

Bu vərdişin “müalicəsi” çox sadədir: daha sürətli hərəkət edin! Beyin əsasən cansıxıcılıq səbəbindən yayınmağa başlayır. Əgər o, indikindən iki qat çox informasiya qavraya bilirsə (və bu həqiqətdir), onda bu resurslardan istifadə etməyin bir yolu mütləq tapılacaq. Qarşınıza məqsəd qoyub sürətinizi artırsanız, beyin bundan xoşallanacaq və daha diqqətli olmağa çalışacaq. 

2. Reqressiya (geriyə qayıtmaq)

Hər hansı bir materialı oxuduqda demək olar ki, həmişə daha əvvəl öyrəndiyimiz məlumata qismən də olsa ikinci dəfə rast gəlmiş oluruq. Bunu oxucunun gözlərini müşahidə etdikdə bilmək olur. 

Təbii ki, reqressiya prosesi oxumanı çox yavaşlatsa da, bəzən faydalı ola bilər. Nəzərinizdən qaçmış məlumatı tapmaq üçün yazıya bir daha qayıtsanız, reqressiya sizə bu işdə kömək edə bilər. Lakin çox vaxt bu ya diqqətin yayınması səbəbindən baş verir, ya da sadəcə vərdişdir. Onda oxumaya iki qat çox vaxt sərf etmiş olursunuz. 

3. Subvokalizasiya (ürəyində təkrar etmə)

Üçüncü vərdiş subvokalizasiya adlanır və bu, oxuduğun materialı təkrar olaraq ürəyində təkrarlamaq deməkdir. Adətən oxumanın sürəti şifahi nitqdən sürətli deyil: təxminən bir dəqiqədə 150 söz. Subvokalizasiya yalnız dialoq və poeziya oxuduğunuz zaman faydalı ola bilər, digər hallarda sadəcə vaxt itirmiş olursunuz. 

Bu vərdişi aradan qaldırmağın ən yaxşı yolu gözlərinizdən və ya əllərinizdən daha aktiv istifadə etməyi öyrənməkdir (qulaqlardan yox). 

Daha sürətli oxumağı necə öyrənmək olar

Məşqlərə başlamazdan əvvəl göz hərəkəti ilə əlaqəli iki vacib termini yadınızda saxlayın:

Fiksasiya. Oxuyarkən əzələlər gözləri saniyədə dörd dəfə dayandırır, hər belə dayanmaya isə fiksasiya deyilir. Məlumat yalnız dayanma zamanı qəbul edilir və beyinə daxil olur. Bu dayanmalar arasındakı müddətdə gözlər o qədər sürətlə hərəkət edirlər ki, beyin heç nə qavraya bilmir. Siz bunu dəyişdirə bilməsəniz də, hər dayanmada qavradığınız sözlərin sayına təsir göstərə bilərsiniz. 

Baxış sahəsi. Oxuduğunuz mətnin eni çox önəmlidir. İnsanların əksəriyyəti oxuyarkən bir saniyədə bir sözə baxırlar və statistika bunu təsdiq edir: əgər sözbəsöz oxusanız, oxuma sürətiniz dəqiqədə 240 söz olacaq – altıncı sinif şagirdi ilə bərabər! Onu artırmaq üçün görünüş sahənizi genişləndirmək və hər dayanmada daha çox söz qavramaq kifayət edir. 

Təsəvvür edin ki, sahəni keçməyə çalışırsınız, amma saniyədə dörd addımdan çox ata bilmərsiniz. Beləliklə, addımlarınız qısa olduqda, sahəni keçmək daha çox vaxtınızı alacaq. Amma addımlarınız daha geniş olsa, sürətinizi xeyli artırmış olacaqsınız. Əslində, baxış sahəsini genişləndirmək çətin deyil: sadəcə göz əzələlərini bir az məşq etdirmək lazımdır. 

Gözlərin hərəkətini sürətləndirmək

Gözlərin hərəkətinə görə məsuliyyət daşıyan əzələdən başlayaq: düz durun və qabağa baxın. Başınızı çevirmədən, bacardığınız qədər sola baxın, sonra isə sağa. İndi isə gözlərinizi solla-sağa və arxaya hərəkət elətdirin. Oturun. 

Başınız gicəllənir və ya gözləriniz ağrıyır? Bu, əksər insanlarda olur və o deməkdir ki, göz əzələləriniz çox zəifdir. Onları möhkəmləndirmək üçün bu hərəkətləri gündə iki dəfə etməyə çalışın və tezliklə (əksər hallarda bir neçə gün sonra) müsbət nəticə əldə edəcəksiniz. 

İndi isə oxuyarkən gözləriniz daha ritmik hərəkət etməyə öyrəşməlidir, bunun üçün gözlərinizin səhifə üzərində necə “tullandığını” hiss etməlisiniz. Gözlərinizi ritmik hərəkət etməyə öyrəşdirmək üçün bu səhifəni bir daha oxuyun. Mətnin mahiyyətinə fikir verməyin, əsas məqsəd ritmik hərəkət etməyi öyrənməkdir. Oxuma sürətiniz birinci 30 saniyəyə, sonra 20 saniyəyə, sonda isə 15 saniyədən az olmalıdır. 

Əllərdən istifadə edin

Oxuyarkən barmaqlarınızı sabit templə (gözlərinizin hərəkətindən daha sürətli) səhifənin aşağısına doğru sürüşdürün. Əsas odur ki, dayanmayasınız və yenidən yuxarıya doğru hərəkət etməyəsiniz. Barmaqlarınızı səhifənin sağ və ya sol tərəfindən, o cümlədən mərkəzindən sürüşdürməyə başlaya bilərsiniz. 

Kart metodu

Bunun üçün sizə kart (ölçüsü təxminən 13 x 7,5 sm) və ya qatlanmış boş vərəq lazım olacaq – əsas odur bir əllə tuta biləsiniz. Kitab oxuyarkən kartı oxuduğunuz sətrin üstündən qoyun. 

Bəli, düzdür – sətrin üstündən. “Bir dəqiqə! Axı bundan əvvəl nə oxuduğumu görə bilmirəm!” Elədir. Bu metod diqqəti və sürəti artırır və reqressiyanın qarşısını alır. 

Geri çəkinmək imkanını əldə verdikdən sonra şüur başa düşür: daha diqqətli olmaq lazımdır, yalnız bir şansım var. Yaxşı olar ki, oxuma prosesi zamanı kartın hərəkəti fasiləsiz olsun və əlbəttə ki, onu yuxarıya doğru sürüşdürmək olmaz. 

Roger Seip-ın “Train Your Brain for Succes” kitabından. 

 

Son xəbərlər
Digər xəbərlər