ABŞ prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki paylaşımlarının Birləşmiş Ştatların ədliyyə naziri və baş prokuroru Uilyam Barrın işini çətinləşdirməsi fikri ilə razılaşıb.
Bu barədə TASS xəbər verir.
“Bəli, mən onun işini daha da çətinləşdirirəm. Mən bununla razıyam, düşünürəm ki, bu, həqiqətdir”, – Tramp Kaliforniya ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.
“Mən sosial şəbəkələrdən istifadə edirəm. Güman edirəm ki, onlardan yaxşı istifadə edirəm, çünki indi buradayam. Sosial şəbəkələr mənim üçün çox əhəmiyyətlidir”, – Tramp davam edib.
ABŞ dövlət başçısı qeyd edib ki, o, öz fikirlərini sosial şəbəkədə ifadə edə bilər. “Mənim bu səsim mətbuatda, KİV-də yoxdur”, – dövlət başçısı əlavə edib.
ABŞ prezidenti yenidən vurğulayıb ki, o, Barra tamamilə etibar edir. “Hər kəs öz fikrini ifadə etmək hüququna malikdir”, – dövlət başçısı deyib.
©Report