1 C
Baku
Saturday, December 14, 2024

AVRO-2020 ilə bağlı fan-zonalara giriş pulsuz olacaq

“Avropa Liqasının finalı ərəfəsində Təşkilat Komitəsinə suvenir lazım idi. Amma bu sahə ilə məşğul olan yerli şirkət tapılmadı”.

Bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AFFA-nın təşkilatçılığı ilə “AVRO 2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə deyib. O, məcburiyyətdən tədbir başlar-başlamaz xarici şirkətdən suvenirlərin sifariş olunduğunu söyləyib: “4 gündən sonra bütün mallar satıldı. Oyun günü heç bir suvenir qalmamışdı”.

E.Məmmədov “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə müqayisədə AVRO-2020 zamanı futbol fan-zonalarına girişin pulsuz olacağını da vurğulayıb: “Bunun üçün bilet sahibi olmağa gərək yoxdur. Tam açıq, əyləncə məkanıdır. Təbii ki, orada qiymətlər Avropadakı kimi olmayacaq, yerli bazara uyğunlaşdırılacaq”.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels – İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

©Report

Son xəbərlər
Digər xəbərlər