6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan balının qiyməti aşağı düşəcək

Yaxın illərdə daxili bazarda istehsal edilən balın qiymətində azalma müşahidə olunacaq.

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu tendensiya daxili bazarda istehsal həcminin artımı və yerli məhsulun rəqabət qabiliyyətinin təmin edilməsi fonunda gözlənilir: “2019-cu ildə ölkədə bal istehsalının həcmi 6 min tona yaxın təşkil edib. Cari ildə bu rəqəm təxminən 7 min tona hədəflənib. Ölkənin daxili tələbatı 5 min tona yaxındır. Ötən il müəyyən həcmdə bal Birləşmiş Ərəb Əmirlikləri və Yaponiyaya ixrac edilsə də, istehsalçıların əllərində məhsul hələ də qalıb. Buna səbəb bazarda ucuz məhsulların daxil olmasıdır, hansı ki, yerli arıçıların satışlarına problemlər yaradır”.

Assosiasiya sədrinin fikrincə, qiyməti bazar tənzimləyir və əgər bu tendensiya yaxın illərdə davam edərsə, balın qiyməti enəcək.

“Yəni əgər hazırda balın 1 kiloqramının orta qiyməti 20-25 manat təşkil edirsə, bu məbləğ 15-20 manata enə bilər”, – deyə B. Həsrətov qeyd edib.

Bazarlarda və ticarət şəbəkələrində ucuz, kilosu 3-4 manata satılan balların həddindən artıq çoxaldığını deyən Assosiasiya sədri bildirib ki, bu məsələyə aydınlıq gətirmək üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunub: “Biz inanmırıq ki, istənilən ölkədə balın maya dəyəri bu dərəcədə ucuz olsun. Əlbəttə, bazarlara nəzarət gücləndirilməlidir. Çünki belə davam edərsə, bu, arıçılığın gələcəyinə böyük zərbə vura bilər. Həddindən artıq ucuz bal yerli arıçıların məhsullarının satılmasına maneələr törədir və bu da sözügedən sektoru inkişafdan saxlaya bilər”.

©APA

Son xəbərlər
Digər xəbərlər