Daşınmaz əmlaka yatırım dedikdə ilk ağıla gələn ünvan Bakı olub. Paytaxtda mənzil alanlar əsasən əmlakın qiymət artımından və kirayə gəlirindən yararlanmağa çalışıblar. Lakin bazarda yeni tendensiya müşahidə olunur.
Ekspertlər bildirirlər ki, son vaxtlar sərmayəçilərin diqqəti bölgələrə də yönəlir.
Xüsusilə turist axınının yüksək olduğu rayonlarda fərdi evlər və mənzillər yatırım vasitəsinə çevrilir. Bölgələrdə daşınmaz əmlaka marağın artmasının əsas səbəblərindən biri qiymətlərin Bakı ilə müqayisədə daha münasib olmasıdır. Digər tərəfdən turizm inkişaf etdikcə gündəlik və qısamüddətli kirayəyə tələbat da artır. Bu isə yatırımçı üçün əlavə gəlir imkanı yaradır.
Ekspertlər bildirirlər ki, bölgəyə yatırım edən şəxs qərar verməzdən əvvəl ərazidə real kirayə tələbatını və gəlirliliyi hesablamalıdır. Sadəcə ucuz olduğu üçün bölgədən ev almaq düzgün investisiya strategiyası deyil. Əsas məsələ həmin əmlakın gəlir gətirmək potensialıdır. Turistlərin daha çox üstünlük verdiyi ərazilər, yol infrastrukturu və xidmətlərin səviyyəsi mütləq nəzərə alınmalıdır.
Beləliklə, daşınmaz əmlak bazarında yatırım anlayışı da dəyişir. Paytaxtla yanaşı turizm potensialı yüksək olan bölgələr də sərmayəçilər üçün alternativə çevrilir.







