Ali təhsilin bakalavriat səviyyəsində sərbəst işə dair tələblər ləğv edilib.
Nazirlər Kabineti bununla ədaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.
Qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən ibarətdir.
Qaydalara görə, indiyə qədər tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalı, müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməli idi.
Tələbələrin sərbəst işlərinin təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənirdi. Dəyişikliyə əsasən, tələbənin sərbəst işinə dair bu tələblər ləğv edilib.(APA)