9 C
Baku
Thursday, December 12, 2024

Sahibkarlar maksimum 7.5% olmaqla kredit götürə biləcək

Azərbaycan İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının (0,5 mlrd. manat) təfərrüatını açıqlayıb.

Proqramda yeni verilən 500 mln. manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi, kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması yer alıb. Həmçinin zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması məsələlərini nəzərdə tutulur.

Digər proqram isə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramıdır (1 mlrd. manat).

Həmin proqrama əsasən isə dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur. Bunun üçün xüsusi vəsaitin ayrılması və subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi gözlənilir.

Bundan başqa, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramına əsasən bu sahəyə əlavə vəsaitlərin ayrılması nəzərdən keçirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması və həmçinin sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb.

Son xəbərlər
Digər xəbərlər