“Bir müddət əvvəl burda yanğın baş vermişdi. Həmin yanğından sonra obyektin rəhbərliyinə Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən plan üzrə təhlükəsizlik tədbirləri görülməsilə bağlı xəbərdarlıq edilmişdi. Lakin bu yanğın hadisəsi göstərir ki, yenə də tədbirlər tam görülməyib. Təmir-quraşdırılma işləri bitmədən, obyekt tərəfimizdən və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən burda sahibkarların fəaliyyətinə şərait yaradılıb”.
Bunu Binəqədi rayonundakı “EuroHome” tikinti materialları bazarındakı yanğın baş vermiş əraziyə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, FHN mütəmadi olaraq öz səlahiyyəti çərçivəsində tikinti və yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparır, çatışmazlıqlarla bağlı sahibkarlara xəbərdarlıq edir, hüquq-mühafizə orqanlarına müraciətlər göndərir: “Məsələn, bu sahibkar çox məsuliyyətsizdir ki, şəxsi obyektini bu cür təhlükəli şəraitdə işlədir. Bu cür hadisələrdən isə onun özü və burdakı digər sahibkarlar daha çox ziyan çəkir. Mənə belə gəlir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyekt haqqında daha ciddi tədbir görəcəklər, belələri layiqli cəzalarını alacaq. Nəzarət qurumlarının göstəriş və təlimatlarına hər bir sahibkar əməl etməlidir”.
Nazir qeyd edib ki, FHN əməkdaşları yanğının qısa müddətdə söndürülməsi üçün çalışıblar və qısa müddətdə yanğın söndürülüb.
APA