Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
1.3. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur.
1.4. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Fond qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.6. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, loqotipi (emblemi), üzərində Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.8. Fond Bakı şəhərində yerləşir.
2. Fondun fəaliyyət istiqamətləri
2.1. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək;
2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək;
2.1.6. əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
2.1.8. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Fondun vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Fondun büdcə layihəsini hazırlayıb Nazirliyə təqdim etmək;
3.1.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməli olan hissəsi üçün dövlət büdcəsindən ayrılmalı olan, həmçinin ayrılacaq vəsaitin hər il üçün aylıq, rüblük və illik bölgüsünü Fondun növbəti il üçün büdcəsinin tərtibi zamanı Nazirliyə təqdim etmək;
3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq;
3.1.5. sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək;
3.1.6. sığortaolunanın rəsmi müraciətinə əsasən, ona fərdi şəxsi hesabındakı məlumatları əldəetmə qaydasını izah etmək;
3.1.7. məcburi dövlət sosial sığortası üzrə daxilolmaların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;
3.1.8. sığortaedənlərdən və sığortaolunanlardan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair məlumatlar istisna olmaqla) vaxtında və dürüst təqdim edilməsini tələb etmək;
3.1.9. məcburi dövlət sosial sığorta vəsaitlərini idarə etmək;
3.1.10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar (həmin Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair izahatlar istisna olmaqla) vermək və normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.11. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən əldə etmək, sosial sığorta sahəsində xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) elektron formada həyata keçirmək;
3.1.12. işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək;
3.1.13. məcburi dövlət sosial sığortası vəsaiti hesabına əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənilməsini təmin etmək;
3.1.14. əmək pensiyalarının Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən hissəsi üçün ayrılan vəsaitin, habelə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, eləcə də Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin maliyyələşdirilməsi üçün vəsaitin aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
3.1.15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsi öhdəliklərinin və məcburi dövlət sosial sığorta vəsaiti öhdəliklərinin uçotunu aparmaq;
3.1.16. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin monitorinqinin keçirilməsini (Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinin keçirdiyi hallar istisna olmaqla) təmin etmək;
3.1.17. əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək;
3.1.18. əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək;
3.1.19. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və Fondun səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.22. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müvafiq sahədə fəaliyyətini əlaqələndirmək;
3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq təşkil etmək;
3.1.24. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.25. Fondun informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.26. Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək;
3.1.27. Fondun strukturuna daxil olan qurumlarda işin təşkilinə metodiki və əməli kömək göstərmək, qabaqcıl təcrübəni öyrənmək və yaymaq;
3.1.28. Fondun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.29. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.30. müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və Nazirliyə təkliflər vermək;
3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.32. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirmək;
3.1.33. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.34. Fonda ayrılan dövlət büdcəsi vəsaitindən, məcburi dövlət sosial sığorta vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.35. sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə çoxparametrli aktuar proqnozlara əsaslanan uzunmüddətli ekonometrik modellər əsasında pensiya təminatı sisteminin proqnozlaşdırılmasını həyata keçirmək;
3.1.36. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə Nazirliyə təkliflər vermək;
3.2.2. Fondun büdcəsinin xərcləri hesabına maliyyələşdirilən tədbirlər, habelə sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq;
3.2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq;
3.2.4. məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarla bağlı sığortaedənlərdən və sığortaolunanlardan arayış və məlumatlar tələb etmək;
3.2.5. sığortaedənlər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat vermək;
3.2.6. könüllü (əlavə) sosial sığorta fəaliyyətini həyata keçirmək, könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək;
3.2.7. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. Fondun strukturuna daxil olan qurumlardan hesabatlar almaq, onların fəaliyyətini təhlil və müzakirə etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək, müvafiq qaydada aidiyyəti üzrə qərar qəbul edilməsi barədə Nazirliyə təkliflər vermək;
3.2.9. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi ilə əlaqədar izahatlar vermək;
3.2.10. sığortaedənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq;
3.2.11. könüllü (əlavə) sosial sığorta fəaliyyətindən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək;
3.2.12. məcburi dövlət sosial sığorta vəsaitinin idarə edilməsi zamanı risklərin azaldılması məqsədilə tədbirlər görmək;
3.2.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.14. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.16. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.17. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.18. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.19. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, onların müvafiq təcrübəsini öyrənmək;
3.2.20. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.21. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Fondun idarə olunması
4.1. Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Fondun idarəetmə orqanı İdarə Heyətidir.
4.3. İdarə Heyəti Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. İdarə Heyəti Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 üzvdən – İdarə Heyətinin sədrindən və onun 4 müavinindən ibarətdir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Fondun illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.2. Fondun strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.3. Fondun maliyyə planlaşdırmasını Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.4. Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Fondun saxlanması üçün ayrılan məcburi dövlət sosial sığorta vəsaiti hesabına əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Nazirliyə təkliflər vermək;
4.5.5. Fondun fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.5.6. Nazirliyin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.7. Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.8. Fondun fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9. Nazirliyin razılığı ilə Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.5.11. Fondda daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, bu Nizamnamənin 4.11.11-ci yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.5.12. Nazirliyin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.14. Fondun strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.15. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.16. bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.18. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.7. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.8. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.11. İdarə Heyətinin sədri:
4.11.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.11.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.11.5. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.11.6. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.7. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun Aparatının, digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
4.11.9. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;
4.11.10. Fondun işçilərinin əməkhaqlarının, əməkhaqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.11.11. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir;
4.11.12. Fondun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.11.13. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.11.14. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar və komissiyalar yaradır;
4.11.15. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.11.16. Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.11.17. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.12. İdarə Heyətinin üzvləri:
4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Fond və onun əmlakı dövlətin mülkiyyətidir.
5.2. Fondun nizamnamə fondu 5 000 000 (beş milyon) manatdır.
5.3. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin əmək pensiyalarının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün ayrılan büdcə vəsaitindən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daxil olan məcburi dövlət sosial sığorta vəsaitindən, maliyyə sanksiyalarından və faiz məbləğlərindən, fəaliyyətindən əldə olunmuş digər gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.4. Fond öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.5. Qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququ vardır.
5.6. Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə, müvafiq olaraq, dövlət büdcəsinə və ya yerli büdcəyə köçürülə bilər.
5.7. Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.
5.8. Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
6.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Fondda uçot və hesabat
7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Fond “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını tərtib və təqdim edir.
7.4. Fond idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.5. Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Fondun ləğvi və yenidən təşkili
Fondun ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.