15 C
Baku
Sunday, November 24, 2024

“Müştəri qanunvericiliklə tənzimlənən broker şirkəti seçməlidir”

Banker.az saytı InvestAZ şirkətinin direktor müavini Orxan Bağırovla müsahibəsini təqdim edir.

InvestAZ şirkəti öz dəsti-xətti ilə fərqlənən şirkətdir, şirkətin ümumi inkişaf strategiyası nədən ibardətdir?

Şirkət hazırki fəaliyyətini əsasən 3 istiqamətdə aparır: Fərdi Yatırım, Korporativ xidmətlər və Tədris imkanları. Bu istiqamətlər ümumilikdə investisiya bankı modelini təşkil edir ki, bu da şirkətin ümumi inkişaf prospektidir. Şirkətin Türkiyə və Azərbaycan fond birjalarının üzvü olması şirkətə hər iki ölkənin qiymətli kağızlar bazarında istənilən broker və diler əməliyyatlarını reallaşdırmağa imkan verir.

Biz şirkət olaraq uzunmüddətli təcrübəmizi Azərbaycan Qiymətli Kağızlar bazarına tətbiq etmək, bazarı yeni alətlər ilə zənginləşdirmək və bazarın inkişafına dəstək olmağı hədəfləyirik. Aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyaya sahib olmağımız, istər özəl investisiya portfellərinin, istərsə də investisiya fondlarının yaradılması və idarə olunması üçün hüquqi zəmin yaradır.

Bundan əlavə, biz keçən il FOREX bazarında likvidliyi təmin etmək üçün Bakı Fond Birjası ilə market meyker müqaviləsini bağladıq. InvestAZ şirkəti Bakı Fond Birjasında FOREX maliyyə alətləri üzrə birjada likvidliyi təmin edən market meyker qismində çıxış edir.

Şirkətin inkişaf strategiyasına beynəlxalq genişlənmə, məhsul çeşidlərinin artımı, texniki infrastrukturun təkminləşdirilməsi, insan resurslarının zənginləşdirilməsi və yerli bazarda daha aktiv iştirak kimi məsələlər daxildir.

Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf tempi barədə nə deyə bilərsiniz?

Hər hansı bir sahənin iqtisadiyyatdakı rolunu anlamaq üçün ilkin olaraq onun Ümumi Daxili Məhsuldakı payına baxmaq lazımdır. Yaxından nəzər yetirdikdə biz görürük ki, Azərbaycan Kapital bazarı ölkənin inkşafında böyük rol oynayır və iqtisadiyyatda ağır xüsusi çəkiyə malikdir. Son zamanlar aktivliyin çoxalması və yeni iştirakçıların yaranması da sahənin inkişafından xəbər verir. Bu gün Azərbaycanın Kapital bazarı sürətlə inkişaf edir. Dövlətin bu sahəyə göstərdiyi diqqət, gələcək 10 il üçün hazırlıqların görülməsi, artıq xarici investorların marağına və yerli investorların da maariflənməsinə səbəb olub.

Müştərilərinizin maarifləndirilməsi istiqamətində hansı addımlar atırsınız?

Şirkət çalışdığı sahə barədə cəmiyyətin maarifləndirilməsi və bu sahəyə diqqətin cəlb olunması istiqamətində də işlər aparır. Şirkət üçün ən vacib məsələlərdən biri, müştərilərin investor olmazdan öncə bu sahə haqqında kifayət qədər məlumatlı olmalarını təmin etməkdir. Bunun üçün şirkətimiz daxilində maliyyə bazarının inkişafına yönəlmiş 11 tədris kursu fəaliyyət göstərir. Bundan əlavə şirkət bu sahədə yeni başlayanları da nəzərə alıb. Belə ki, ixtisasından və peşəsindən asılı olmayaraq sahə haqqında ilkin məlumat almaq istəyən hər kəsi şirkətimizdə keçirilən ödənişsiz “Başlanğıc Seminarında” iştirak edə bilərlər.

Azərbaycandan FOREX digər maliyyə bazarlarına nisbətən daha aktivdir – bu bazarda iştirak imkanını həm banklar, həm də broker şirkətləri təmin edir. Müştəri üçün bunun hansısa bir fərqi varmı? Müştəri yeni başlayan zaman hansı göstəricilərə görə FOREX sahəsi üzrə xidmət göstərən şirkəti seçməlidir?

Doğrudur qeyd edirsiniz, bu gün FOREX bazarında ticarətə maraq göstərənlərin sayı sürətlə artmaqda davam edir. Bilirsiniz ki, ölkəmizdə FOREX bazarında ticarətin təşkili və monitorinqi Bakı Fond Birjası tərəfindən aparılmaqdadır. Doğrudur, bu FOREX bazarında iştirak imkanını öz müştərilərinə verilməsini təmin edən əsasən banklar və broker şirkətləridir. Bundan əlavə ölkəmizdə xarici brokerlərin kiçik nümayəndəlikləri də var ki, onlar Azərbaycan müştərisinə xarici brokerin nəzdnində hesab açdıra bilirlər. Müştəri broker şirkəti seçərkən həmin maliyyə təşkilatının fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənib tənzimlənmədiyinə diqqət etməlidir. InvestAZ şirkəti güclü texniki infrastruktura malik, dünyanın qabaqcıl broker şirkətləri səviyyəsində xidmət göstərən bir şirkətdir. Biz bütün dünya birjalarını Azərbaycandan təqdim etməyə və müştərilərə beynəlxalq səviyyədə keyfiyyətli xidmət göstərməyə hazırıq. Artıq Azərbaycanda FOREX ən çox gəlir gətirən peşəyə çevrilməkdədir.

Broker şirkətinin seçilməsi, FOREX bazarında ticarətə başlamamışdan öncə atılacaq əhəmiyyətli addımlardan biridir. FOREX bazarında ticarətin etibarlılığı seçilmiş broker şirkətinin fəaliyyətinin müvafiq dövlət qurumları tərəfindən tənzimlənməsindən asılıdır.

İlkin mərhələdə müştərini maraqlandıran broker xidmətləri spektrini müəyyən etmək lazımdır. Daha sonra isə əmrlərin (order) yerinə yetirilməsinə diqqət edilməlidir, çünki bir çox hallarda maliyyə bazarında qiymətlər ani olaraq dəyişir.

Digər bir vacib nüans isə qiymət dəhlizidir ki, müştərilər broker şirkətini seçərkən qiymət dəhlizinin dar olmasına və şirkətin təqdim etdiyi maliyyə alətlərinin çeşid zənginliyinə diqqət yetirməlidir. Bundan əlavə şirkətin təqdim etdiyi mütəmadi bazarın analitik araşdırılması, gün ərzində 24 saat xəbər və texniki dəstək xidməti göstərməsi də müsbət cəhətlər sırasındadır. Bu gün bazarda uzunmüddətli fəaliyyət tarixinə, lisenziyaya və müştərilərlə şəffaf müqavilə münasibətləri təcrübəsinə malik olan broker şirkətlərini etibarlı hesab etmək olar.

Son xəbərlər
Digər xəbərlər