Dünyanın ən zəngin adamı Çeff Bezosun sərvəti bir gündə 7 milyard dollar artıb.
Banker.az xəbər verir ki, bu məlumat real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqində öz əksini tapıb. Beləliklə, 3,79% artım ilə sahibkarın mülkü 197,8 milyard dollar səviyyəsinə çatıb ki, bu da “Forbes USA”in son 40 ildə qeydə aldığı ən yüksək göstəricidir.
Bildirildiyi kimi, bu artım “Amazon” səhmlərinin bahalaşması hesabına mümkün olub. Çərşənbə axşamı günü S&P 500 indeksində “Amazon” səhmləri 130,08 dollar (4,09%) bahalaşaraq 3312,49 dollar qiymətinə çatıb. Ceff Bezosun “Amazon”da payı 11,1% təşkil edir.
“Amazon” səhmlərinin artması sayəsində Ceff Bezos və dünyanın ən zəngin adamları arasında ikinci yer alan Bill Qeyts arasındakı fərq 83,8 milyard dollara yüksəlib. Bu, bir gün əvvəl ənz zəngin milyarderlərin ilk beşliyinə daxil olan İlon Maskın sahib olduğu sərvətə bərabərdir.
Boşandıqdan sonra şirkətin təxminən 4%-ni alan Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott isə sərvətini 2 milyard dollar artırıb (62,7 milyard dollar). Hal-hazırda o, dünyanın ən zəngin qadınları arasında üçüncü sırada yer alır. İyul ayında Makkenzi Skott ABŞ-ın qeyri-kommersiya təşkilatlarına təxminən 1,7 milyard dollar bağışladığını açıqlayıb, ötən il isə bütün sərvətini xeyriyyəçiliyə xərcləyəcəyinə söz verib.