“Cirque du Soleil Entertainment Group” şirkəti üzərindəki nəzarət onun kreditorlarına keçir.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib. Bildirildiyi kimi, investorlar qrupuna Kanadanın “Catalyst Capital Group” rəhbərlik edəcək.
İnvestorlar şirkətə 900 milyon dollarlıq borcu bağışlamağı və çıxışları bərpa etmək üçün əlavə 375 milyon dollar sərmayə qoymağı təklif ediblər. “Cirque du Soleil”in yeni sahibləri işdən çıxarılan əməkdaşlara və podratçılara kompensasiya ödəmək üçün ümumi dəyəri 20 milyon dollar olan iki fond quracaqlarına söz veriblər.
Xatırladaq ki, iyun ayının sonunda “Cirque du Soleil” iflasdan qorunmaq üçün məhkəməyə müraciət etmişdir və 3480 işçini işdən çıxarmışdır – şirkət pandemiya səbəbindən fəaliyyətini dayandırdığına görə bir sıra çətinliklərlə üzləşib. Sahibkarlar çıxışları bərpa etmək üçün 300 milyon dollar sərmayə qoymağı planlaşdırsalar da, kreditorların təklifini üstün tutdular.