1948-ci il 10 dekabr tarixli “Ümumdünya insan hüquqları bəyannamə”nin 3-cü maddəsinə görə hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Bu ali sənəddən irəli gələrək Azərbaycan Respublikası Konstitusiyasının 32 və 33-cü maddələri müvafiq olaraq şəxsi və mənzil toxunulmazlığı hüququ adlanır. Şəxsi toxunulmazlıq hüququna şəxsi və ailə həyatına müdaxilənin yol verilməzliyi daxildir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Mənzil toxunulmazlığı hüququna görə isə qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Cinayət Məcəlləsinə görə (maddə 156.1) şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyəti yaradır və aşağıdakı sanksiyaları var (ağırlaşdırıcı hallarda sərt cəzalar nəzərdə tutulur):
– 1000-2000 AZN-dək cərimə
– 240-480 saatadək ictimai iş
– 1 ilədək islah işləri
Həmçinin (maddə 157.1) Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma da cinayət məsuliyyəti yaradır və aşağıdakı sanksiyalara səbəb olur (ağırlaşdırıcı hallarda sərt cəzalar nəzərdə tutulur):
– 1000-2000 AZN-dək cərimə
– 240-480 saatadək ictimai iş
– 1 ilədək islah işləri
Bununla yanaşı müvafiq olaraq səlahiyyətli şəxslərin toxunulmazlığı barədə Konstitusiyada bir sıra normalar nəzərdə tutulur. Bu normalara əsasən aşağıda qeyd edilən şəxslər səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
– Azərbaycan Respublikası Prezidenti
– Milli Məclis deputatları
– Azərbaycan Respublikası vitse-prezidentləri
– Azərbaycan Respublikası Baş naziri
– Məhkəmə hakimləri
– İnsan hüquqları üzrə müvəkkil (Ombudsman)
Bununla yanaşı qanunvericiliyə görə keçmiş Prezident və onun yoldaşı keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Cinayət hüququna görə isə Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.