Çinin “ByteDance” (“TikTok”a sahib olan) şirkəti, Amerikadakı biznesini “Microsoft”a satmaqdan imtina edib. Banker.az xəbər verir ki, bu barədə sonuncunun saytında yayımlanan açıqlamada deyilir.
“ByteDance bu gün bizə “TikTok”un ABŞ-dakı biznesini “Microsoft”a satmayacağı barədə məlumat verib. Biz təklifimizin “TikTok” istifadəçilərinə uyğun olacağına və milli təhlükəsizlik maraqlarını qoruyacağına əminik”, – “Microsoft” qeyd edib.
“Reuters”in qeyd etdiyi kimi, “ByteDance” “Oracle” şirkətinə texnoloji tərəfdaş olmağı təklif edib. Bundan əlavə, “Oracle” xidmətin ABŞ-dakı aktivlərində pay almaq üçün danışıqlar aparır.
Xatırladaq ki, “TikTok”u almaq uğrunda “Microsoft” və “Oracle” ilə yanaşı, “Walmart” şəbəkəsi də mübarizə aparıb. Mütəxəssislərin qiymətləndirmələrinə görə, müqavilənin dəyəri 20-30 milyard dollar arasında dəyişir.