Azərbaycan Mərkəzi Bankının (AMB), Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması hədəfinə və 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması prioritetinə uyğun olaraq hazırladığı “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması davam etdirilir.
Bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC də sözügedən məlumat–axtarış sisteminə qoşulub. Belə ki, bu sistemin (infobank.az) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin müvafiq məlumatları yer alıb
Əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inkluzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.