15 C
Baku
Sunday, November 24, 2024

Məhsuldar olmaq istəyirsinizsə, qəzəblənin!

Əsəbisiniz? Məyussunuz? Siz tək deyilsiniz. Çox güman ki, çoxluğa daxilsiniz. Yaz aylarında, qarşısı alına bilməyən virus ortaya çıxanda, milyonlarla insan işini itirdi və maaşından oldu. Bunun sonu yoxdur, buna görə hirslənməyiniz üçün səbəb var. 

Gənc yaşlarımızdan bizə öyrədirdilər: qəzəb – mənfi və məhsuldar olmayan duyğudur. Hirs, insanın “zövq prinsipi”ndən kənara çıxır. Əzab və məyusluq yığılır, yığılır və bir gün partlayış baş verir. Bu halda, qəzəbdən qaçmalıyıq, yoxsa yox?

Yəqin ki, yox. Belə ki, qəzəb bizi düşünməyə vadar edir, hərəkətə keçməyə məcbur edir. Bəli, əsəbiləşmək pis bir şeydir. Bəs niyə qəzəbə əsaslanan fəaliyyətlər məhsuldar görünür?

Beyin və qəzəb haqqında

Tədqiqatçılar hesab edirlər ki, insan davranışının təməlində iki motivasiyaedici qüvvə dayanır: hər hansısa bir məqsədə yaxınlaşmaq və xoşagəlməz bir şeydən qaçmaq istəyi. Siz elə düşünə bilərsiniz ki, qəzəb ikinci kateqoriyaya düşür və sizi bir şeydən çəkindirir. Lakin son araşdırma bu fikri təkzib edir. 

Məlum oldu ki, hirs beynimizin sol ön qabığını, yəni bizi hədəflərə doğru aparan “cəlbedici” davranışda həlledici rol oynayan hissəsini aktivləşdirir. Valensiya Universitetinin doktoru Neus Herreronun dediyinə görə, insanlar hislənəndə bu hissi aradan qaldırmağa deyil, mənbəyini axtarıb tapmağa meyllidirlər. 

Qəzəb və innovasiyalar

Əgər son vaxtlar çox əsəbiləşirsinizsə, sizin üçün daha yaxşı xəbərlərimiz var. 2014-cü ildə Creativity and Innovation Management jurnalında dərc olunan araşdırma, müsbət duyğuların yaradıcılığı məhdudlaşdırdığını, mənfi duyğuların isə əksinə, təşviq edə biləcəyini tapdı. 

Hirs yeniliyi stimullaşdıra bilər və bir çox parlaq ideyalar hirsdən yaranıb. Məsələn, Shark Tank-ın əsas dayağı olan Daymond Con, bir neçə böyük şirkətdən rədd cavabını alandan sonra FUBU (For Us By Us) leyblini yaratdı. Tanınmış ayaqqabı şirkəti ona “Biz ayaqqabılarımızı narkotik satıcılarına satmırıq” deyəndən sonra, Con hər şeyi öz əlinə alaraq, öz brendini yaratdı. 

NerdWallet-in baş direktoru Tim Chen, 2008-ci ildə Milad bayramı ərəfəsində işdən qovulandan sonra yeni şirkət yaratdı. Və Chen işdən çıxarılmağın qəzəbini “yanacaq” kimi istifadə edən tək sahibkar deyil. WhatsApp, VenmoGroupon da həmçinin 2008-ci il böhranı zamanı yaranıblar. 

Əgər hal-hazırda hirslənirsinizsə, edə biləcəyiniz ən pis şey hisslərinizi görməməzliyə vurmaq və ya boğmağa çalışmaqdır. Bunun yerinə qəzəbinizi məhsuldar və yaradıcı istiqamətə yönəldin. Yaxşı olar ki, bu məhsuldarlığı və yaradıcılığı insanların hal-hazırda qarşılaşdıqları problemlərdən birini həll etmək üçün istifadə edin. “Vacib xırdalıqlar” adlı kitabın müəllifi Tom Pitersin sözlərinə görə, “bütün yeniliklər qəzəbdən yaranır”. 

Qəzəbi düzgün istiqamətə necə yönləndirmək olar

İndi isə qəzəbin yaradıcılığı təşviq etdiyini biləndən sonra, qəzəbi düzgün istiqamətə necə yönləndirə biləcəyimizi müəyyən edək. Budur beyin fırtınasına başlamaq üçün sizə bir neçə metod təklif edirik. 

Şüur axınını qeyd edin

Əgər bunu ibtidai məktəbdən başlayaraq etməmisinizsə, indi bu təcrübəyə qayıtmağın vaxtıdır! Adətən yaradıcı düşüncəyə əngəl olan ən böyük şey, fikirləri “süzgəc”dən keçirməyimizdir. İdeyalar təsadüfi olaraq yaradılsa, daha yaxşı olar. Yeni sənədi açın və taymer qoyun, yazmağa başlayın və dayanmayın. 

Çıxışmaz vəziyyətdə olduğunuzu hiss edirsiniz? “Yazı üçün ən təhlükəli tətbiq”dən istifadə edin. Bu pulsuz veb-sayt fasiləsiz olaraq yazmağınızı təmin etməyə kömək edir. Belə ki, beş saniyədən çox boş dayansanız, bütün yazılarınız avtomatik silinəcək. 

Qeydlər

Niyə yaradıcı düşüncəni sözlə məhdudlaşdırmalısınız ki? Siz qəbul etdiyiniz informasiyanı oxlar, formalar və digər əyani təsvirlərdən istifadə edərək emal edə bilərsiniz. 

“Özünüzdə rəssam kəşf edin” adlı kitabın müəllifi Betti Edvards izah etdiyi kimi, verbal funksiya beynin əsasən sol yarımkürəsində, vizual qavrama isə xəyalpərəst sağ yarımkürəsində yerləşir. 

Əgər yaradıcı mexanizmləri işə salmaq lazımdırsa, konseptual forma və strukturlardan istifadə edib yeni ideyalar ortaya çıxara bilərsiniz. Bundan əlavə, bundan sonra özünüzü daha yaxşı hiss edəcəksiniz. 

Ultradian ritm

Ultradian ritm iki saat davam edən konsentrasiya və istirahət dövrlərini nəzərdə tutur. Vaxtınızdan daha səmərəli istifadə etmək istəyirsinizsə, 90 dəqiqədən çox olmayaraq konsentrasiyalı olun, sonra isə 30 dəqiqəlik fasilə verin. Bu nümunələr ilk dəfə yuxu tədqiqatçıları Yevgeniy Azerinski, Nataniel Kleitman və Uilyam Dement tərəfindən 1950-ci illərə kəşf edilib. Onlar insan bədəninin necə dincəldiyini və bərpa olunduğunu anlamağa çalışırdılar və başa düşdülər ki, biz təkcə yuxuda deyil, həm də oyaq olduğumuz müddətdə belə ritmlə yaşayırıq. Bu bioloji fenomendən yaradıcı məqsədlərlə istifadə edin. 

Qəzəblənin! Qəzəbinizdən yaradıcı inqilab etmək üçün istifadə edin və gördüyünüz yeni ideyaların çoxluğu sizi təəccübləndirəcək. 

 

 

Son xəbərlər
Digər xəbərlər