“Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhərinin atəşə tutulması ilə bağlı açıqlamasında bildirilib.
“Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.
Ermənistanın yeni təcavüz aktına cavab olaraq əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir.
Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq”, – XİN-dən bildirilib.