Gürcüstan Xarici İşlər Nazirliyi fransız siyasətçilərin sosial şəbəkələrdə ifşa etdiyi Ermənistan xəritəsinə mənfi reaksiya bildirib. Qeyd edildiyi kimi, bu xəritədə Gürcüstanın Samrsxe-Cavaheti regionu və Ahalkalaki şəhəri Ermənistanın ərazisi kimi göstərilmişdir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Söhbət Dağlıq Qarabağa 13 tonluq humanitar yardım göndərdiyini açıqlayan Overn-Rona-Alp regionun prezidenti Loran Vokyedən (Laurent Wauquiez) gedir. Siyasətçinin sosial şəbəkələrdə paylaşdığı fotoda yuxarıda göstərilən xəritənin divardan asıldığı üzə çıxıb.
Paylaşım yüzlərlə gürcü istifadəçinin narazılığına səbəb olub. Bir neçə saat sonra Gürcüstan Xarici İşlər Nazirliyi bu məsələyə reaksiya bildirib. Səlahiyyətlilərin verdiyi məlumata görə, bu xəritə millətçi təşkilata məxsusdur və Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmir.
“İctimai marağa əsaslanaraq, Gürcüstan Xarici İşlər Nazirliyinin və Gürcüstanın Fransadakı səfirliyinin fransız həmkarları, xüsusən də Overn-Rona-Alp regionun prezidenti ilə əlaqə qurduğunu bildiririk”, – mesajda deyilir.
“Bildiyiniz kimi, bu regionun prezidenti sosial şəbəkələrdə (Facebook və Twitter) Gürcüstan ərazisinin bir hissəsini Ermənistan ərazisi kimi göstərən xəritəni əks etdirən fotoşəkillər paylaşıb.
Bizdə olan məlumata görə, bu xəritə Fransada fəaliyyət göstərən millətçi təşkilat tərəfindən fəal şəkildə istifadə olunur. Bildiririk ki, onun rəsmi Fransa hökuməti ilə bağlı heç bir əlaqəsi yoxdur”, – Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi söyləyib.