Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” təyyarələri ilə mühəndis-istehkamçı briqadası Dağlıq Qarabağa göndərilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mühəndis kəşfiyyatı əraziləri, yolları və obyektləri minalardan təmizləməklə bağlı tapşırıqları yerinə yetirəcəklər.
“Mühəndis-istehkamçılar, ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi istiqamətində tapşırıqları yerinə yetirəcək, həmçinin tədarük və evakuasiya yollarının hazırlanması və saxlanmasını, suyun təmizlənməsi və digər mühəndis dəstəyi nəzərdə tutulan vəzifələri həyata keçirəcək”,- deyə nazirliyin açıqlamasında bildirilib.
Bundan əlavə, partlayıcı maddələrin axtarışı və aşkarlanması üçün xüsusi xidmət itlərindən istifadə olunacaq.
Xatırladaq ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusunun, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin yerləşdirilməsi nəzərdə tutulub.