Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.
Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardım göstərilməsi üçün fəaliyyətlərinin koordinasiyasıdır.
Mərkəz həmçinin Azərbaycan və Ermənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək.
“Mərkəzin əsası digər federal icra orqanlarının cəlb edilməsi ilə Müdafiə Nazirliyinin bölmələrindən ibarətdir”, – Mizintsev deyib.
Noyabrın 19-da Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıldığı elan edilib.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağda tam atəşkəs qüvvəyə minib.
Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1 960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.