Çin neft emalı sahəsindəki gücünü artırır və gələn il bu bazarda ABŞ-ı ötüb keçə bilər.
Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinə (IEA) istinadən “Bloomberg” yazıb.
“Amerika 19-cu əsrin ortalarından bəri neft emalı sahəsində liderdir, lakin gələn il Çin onu devirəcək”, – mesajda deyilir.
Qeyd edildiyi kimi, neft emalı bazarında liderin dəyişilməsi Çində dörd neftayırma zavodunun inşa edilməsi, ABŞ-da isə bu müəssisələrin bağlanması səbəbindən baş verə bilər (məsələn, dünyanın üçüncü ən böyük neft şirkəti olan “Shell” konserninə məxsus Luizianadakı “Convent” zavodu). Agentliyin məlumatlarına görə, Çindəki yeni müəssisələrin gücü 1,2 milyon barel təşkil edəcək ki, bu da Böyük Britaniya ilə müqayisə edilə bilər. Eyni zamanda Covid-19 pandemiyasının yaratdığı böhran səbəbindən qlobal yanacağa olan tələb azalıb, bu isə öz növbəsinə emal sahəsinə təsir göstərir. Statistik göstəricilərə əsasən, ümumilikdə neft emalı rekord 1,7 milyon barel azalıb.
Bununla yanaşı, böhran neft emalındakı dəyişiklikləri də sürətləndirib. Çində və Asiyanın digər regionlarında plastikə və yağa tələb artmaqdadır. Orada böhranın daha dərin olduğu Avropa və ABŞ-dan fərqli olaraq, iqtisadiyyat daha tez bərpa olacaq.
Dizel və benzin istehlakındakı sürətli böyüməyə davam etmək üçün Çin minilliyin başlanğıcından bu yana, emal gücünü təxminən üç dəfə artırıb. Çin Milli Neft Korporasiyasının (CNPC) İqtisadiyyat və Texnologiya İnstitutunun verdiyi məlumata görə, 2025-ci ilədək ölkədə neft emalının ildə 1 milyard ton və ya 20 milyon barel artacağı gözlənilir.