İcarə bazarının operatoru “Airbnb”, o cümlədən ərzaq və tədarük mallarının çatdırılması şirkəti “DoorDash”, road-şou öncəsi IPO (səhmlərin ilkin kütləvi yerləşdirilməsi) üçün reytinqlərini artırıblar.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Airbnb” qiymətləndirməni 33 milyard dollara, “DoorDash” isə 28 milyard dollara yüksəldib. “The Wall Street Journal”un qeyd etdiyi kimi, bu, yeni səhm emissiyaları üçün bazarda artım gücünü nümayiş etdirir.
Xatırladaq ki, “Airbnb” road-şouya 1 dekabr çərşənbə axşamı günü başlayacaq və bunun sayəsində 30-33 milyard dollar cəlb etməyi planlaşdırır. Bu, ilkin qiymətləndirmədən çoxdur. “DoorDash” şousuna bir gün əvvəl başlasa da, şirkət həmçinin diapazonu 25-28 milyard dollara qaldırıb.
Bir qayda olaraq, şirkətlər və onların anderrayterləri hərraclardan əvvəl yüksək qiymətlər müəyyən etməyə çalışırlar. Qeyd edək ki, 2017-ci ilin investisiya raundunda “Airbnb” 31 milyard dollar dəyərində qiymətləndirilmişdir, lakin pandemiya səbəbindən şirkətin dəyəri 18 milyard dollara düşüb. Baş direktor Brayan Çeski böhran vəziyyətindən çıxmaq üçün 2 milyard dollar borc vəsait cəlb edib, marketinq xərclərini azaldıb, işçilərin dörddə birini ixtisar edib və müvəqqəti olaraq bir sıra layihələri dayandırıb.
“DoorDash” isə əksinə, pandemiya sayəsində Amerikanın ərzaq çatdırılması bazarında payını artırıb. Hal-hazırda o, bu sektorda ən böyük oyunçulardan biridir. 2018-ci ildə şirkətin bazar kapitallaşması 1,4 milyard dollar təşkil edib, 2020-ci ildə isə 15 milyard dollara çatıb.
Hər iki şirkət üçün road-şou onlayn formatda, Zoom proqramında keçiriləcək. Qeyd edək ki, “Airbnb”nin səhmlərinin yerləşdirilməsi ilə “Morgan Stanley” və “Goldman Sachs”, DoorDash”ın səhmlərini isə “Goldman” və “JPMorgan Chase” məşğul olur.