10 C
Baku
Wednesday, December 11, 2024

“Daha bacara bilmirəm”: rəqəmsal yorğunluqdan necə qurtulmaq olar

Yəqin ki, koronavirus pandemiyasından qabaq bütün iş gününüzü kompüterinizlə keçirəcəyinizi düşünürdünüz. Həmin ərəfələrdə heç kim karantin dövrünün bu qədər davam edəcəyini bilmirdi. Nəqliyyatla səyahətlər, işgüzar görüşlər, həmkarlarla ünsiyyət  – əvvəllər özümüzü monitordan qoparmaq və rəqəmsal gerçəklikdən çıxmaq fürsətimiz çox olub.

İndi isə bu təbii fasilələr olmadığı üçün demək olar ki, kompüter və qadjetlərdən ayrılmırıq. Üstəlik, videokonfranslar da çox yorucudur. Ekranda eyni anda bir neçə üz gördükdə və həmişə onların qarşısında olduqda, xeyli intellektual və emosional enerji itiririk. Eyni zamanda monitor qarşısında həddindən artıq çox oturmaq gözlərdə təzyiqin artmasına və əzələ yorğunluğunun əmələ gəlməsinə səbəb olur.

Enerjiyə qənaət etmək üçün gün ərzində “texnoloji” iş yükünü azaltmağa və ya minimuma endirməyə çalışmalısınız. Bunun ən təsirli strategiyalarını öyrənmək istəyirsinizsə, məqaləni oxumağa davam edin.

Mütləq deyil ki, həmişə Zoom-dan istifadə edəsiniz

Zoom və digər videoəlaqə tətbiqetmələri real ünsiyyəti əvəz edən alətlər sırasındadırlar. Lakin bir çox hallarda videoəlaqə saxlamağa ehtiyac olmur. Əgər dialoq üçün sadə telefon zəngi kifayət edirsə, bu varianta üstünlük verin. Əgər bütün işlərinizi elektron poçt vasitəsilə həll oluna bilirsə, nə etməli olduğunuzu özünüzü bilirsiniz. Əlbəttə ki, zərurət yarandıqda, video formatından istifadə edə bilərsiniz.

İşgüzar görüşlərin vaxtını məhdudlaşdırın

Adi vəziyyətdə də iş tapşırıqlarını yerinə yetirilməsinə müəyyən saatların ayrılması – ağıllı hərəkətdir. Yox, əgər virtual işgüzar görüşlər sizin bütün gücünüzü alırsa, bu praktikanı tətbiq etmək daha vacibdir. İş ilə əlaqəli problemlərinizi günün müəyyən saatlarında həll edin və virtual kommunikasiyaların həcmini azaldın. İstəsəniz, günü birinci və ya ikinci yarısında bir neçə saatı qısa fasilələrə ayıra bilərsiniz. Beləliklə, fikrinizi dağıtmaq və bütün diqqəti digər işlərə yönəltmək fürsətini əldə etmiş olacaqsınız.

Rəqəmsal olmayan alternativlərə üstünlük verin

İş günü və qalan vaxt ərzində monitor qarşısında keçirdiyiniz saatları kompensasiya etmək üçün texnoloji olmayan alternativlərə üstünlük verməyə çalışın. Məqalə üçün yeni ideya axtarırsınız? Ağlınıza gələn fikirləri kompüterdə və ya telefonda deyil, kağız üzərində qeyd edin. Böyük yol xəritəsini tərtib etməyi planlaşdırırsınız? Qaralamanı market lövhəsində  çəkin. Kitab oxuyursunuz? Çap edilmiş variantı seçin. Fiziki hərəkət etmək istəyirsiniz? Qaçmağa gedin. Bir sözlə, mümkün olduqda rəqəmsal deyil, fiziki varianta üstünlük verin.

Daha çox fiziki hərəkət edin

Kompüterin qarşısında oturmaqdan yaranan yorğunluğun öhdəsindən gəlmək üçün mümkün qədər çox hərəkət edin. Məsələn, iclaslar arasında su və ya qəhvə içmək üçün mətbəxə gedin. Qısamüddətli fasilələr üçün sadə idman hərəkətlərini düşünün – bu, qan dövranını yaxşılaşdırmaqla yanaşı, növbəti “görüşlərdə” daha konsentrasiyalı olmağa kömək edəcək.

Texniki cihazlardan istirahət edin

Kompüter qabağında nahar edərək daha “səmərəli olduğunuzu düşünsəniz də, əslində fasilə etmək üçün ekrandan uzaqlaşmağınız daha məqsədəuyğundur. İnanın ki, beyniniz buna görə sizə təşəkkür edəcək. Rəqəmsal cihazlara əlavə vaxt ayırmaq yerinə, mətbəxdə ailənizlə ünsiyyət qurun, pəncərədən çölə baxın və ya kitab oxuyun. Bu cür qeyri-texnoloji macəralar həm beyin üçün istirahət, həm də ümumi mənzərəni görmək imkanıdır.

Bundan əlavə, iş yükünüzü azaltmaq üçün açıq havada fiziki aktivliyinizi artıra bilərsiniz. Məsələn, qısamüddətli gəzinti, basketbol oyunu, bağdakı məşğuliyyətlər və sizə hərəkət etməyə imkan verən digər “activity”lər. Bu, iş günü ilə şəxsi həyat arasında xətt çəkməyə, zehni enerjini bərpa etməyə kömək edir.

Şəxsi görüşləri tamamilə bərpa etmək imkanımız yerinə gələn kimi hər şey daha asan olacaq. İndi isə rəqəmsal təzyiqlər qaçınılmazdır. Stresə qarşı daha dayanıqlı olmaq və yorğunluğun öhdəsindən gəlmək üçün bu dörd strategiyadan istifadə edin.

Müəllif haqqında

Elizabet Qreys Sonders (Elizabeth Grace Saunders) – vaxtın idarə edilməsi üzrə məsləhətçi, Real Life E Time Coaching & Speaking şirkətinin təsisçisi, How to Invest Your Time Like MoneyDivine Time Management kitablarının müəllifi.

Son xəbərlər
Digər xəbərlər