Karantin rejimi dövründə fəaliyyətinə qismən və ya tam icazə verilən sahələr üzrə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı müəyyən suallar yaranır.
Banker.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarına əsasən, dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqının saxlanılması nəzərdə tutulub. Həmin qərarın 1.4-cü bəndində göstərilib ki, bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əməkhaqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin.
Qərarın 1.5-ci bəndində isə qeyd edilib ki, imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin.
Fəaliyyəti tam məhdudlaşdırılmayan sahələr üzrə karantin rejiminə uyğun əmək münasibətlərinin qurulması digər qanunvericilik aktları ilə tənzimlənir. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Misal: Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdə iki hissəsini ödəsin və onlar müəyyən müddət işə gəlməsinlər.Tutaq ki, tur operatorunun aylıq əməkhaqqı 600 manat, satışlara görə aldığı bonusun məbləği isə 200 manat olub. Buna baxmayaraq, işəgötürən yalnız tarif maaşının 2/3 hissəsini, yəni 400 manat ödəməklə işçiləri evə buraxa bilər:
(600 manat x 2 / 3) = 400 manat.
Boşdayanma müddətində satışların olmaması və ya çox az olması bonusları da dayandırır.
Fərqanə Allahverdiqızı