Bu il yer alan hadisələr, xüsusən də koronavirus pandemiyası Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurma layihəsi cədvəlinə əhəmiyyətli dərəcədə təsir edib.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, pandemiyanın təsirini nəzərə alaraq, yenilənmiş iş qrafiki əsas podratçılarla son təsdiqlənmə mərhələsindədir: “Noyabr ayının sonuna olan vəziyyətə görə, layihə üzrə ümumi tərəqqi səviyyəsi razılaşdırılan yeni qrafik çərçivəsində dəqiqləşdirilir və 59% olacağı gözlənilir”.
SOCAR-ın rəsmisi onu da bildirib ki, layihə çərçivəsində bu ilin sonunadək bir sıra vacib vəzifələrin icrası planlaşdırılır. Bunların arasında dizel və benzin istehsalı üzrə qurğuların təhvil verilmə tarixlərinin və yenilənmiş İş Qrafiklərinin Baş podratçılar ilə təsdiqlənməsi; yenilənmiş konfiqurasiyaya daxil edilmiş yeni, kritik qurğuların inşası üçün podratçıların müəyyənləşdirilməsi; mövcud qurğuların bərpası və modernləşdirilməsi üçün Baş Podratçı ilə iş birliyinin daha bir mexanizminin müəyyənləşdirilməsi, işi sürətləndirmək üçün Tədbirlər Planının hazırlanması; qlobal pandemiyanın ikinci dalğası və bunun yaratdığı məhdudiyyətlərlə əlaqədar olaraq inşaatdakı minimum insan-saat itkilərinin təmin etmək üçün bir sıra tədbirlərin tətbiqi və layihə üçün ayrılan büdcə vəsaitlərinin istifadəsini optimallaşdırmaq üçün tədbirlərin davam etdirilməsi məsələləridir.
Qeyd edək ki, öncə NEZ aparılan təkmilləşdirilmə və yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulurdu. 2024-2025-ci illərdə isə zavodun istehsalat həcminin 6 mln. tondan 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılmışdır.
Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-da hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.
Bu il zavodda 6,1 mln. tona yaxın neftin emalı planlaşdırılıb.