Vətəndaşların vaksinasiyaya inamı və etimadı çox önəmlidir. Ölkəmizdə vaksinasiya strategiyası hazırlanır. Peyvəndləmə bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə ən yüksək risk qrupu olan səhiyyə işçilərinin və 65 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası nəzərdə tutulur. Strategiyada yer alan mühüm müddəalardan biri də vətəndaşların vaksinə inamını təmin etmək üçün tədbirlər planının həyata keçirilməsidir. Bu istiqamətdə biz vətəndaşlarla kifayət qədər şəffaf olacağıq, ikitərəfli tərəfdaş ölkələrin, hansılar ki, bizdə yüksək inam doğurub, onların vaksinasiya ilə bağlı nəticələrini paylaşacağıq. Bununla bağlı həm elektron, həm də yazılı mediada çoxlu sayda maarifləndirici materiallar hazırlanır. Bunlar ictimaiyyətə təqdim olunacaq. Biz əminik ki, vətəndaşlar vaksinasiyaya inanacaq və peyvəndləmədən keçəcəyik. Vətəndaşlara izah etməyə, inandırmağa çalışacağıq ki, təəssüf ki, pandemiyadan qurtulmağın başqa yolu yoxdur.
Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, vaksinasiya pulsuz olacaq və strategiyada yer alan bütün risk qruplarına tətbiq ediləcək: “Koronavirus əleyhinə vaksinasiya könüllülük prinsipi əsasında aparılacaq. Peyvənddən imtina edənlərə yoluxduruculuq ehtimalının qaldığını inandıracağıq. Dünyanın bir sıra ölkəsi öz strategiyalarında peyvəndin məcburi olmasını əks etdirməyə çalışırlar. Azərbaycanda indiyədək vaksinasiya könüllülük əsasında aparılıb. Ölkəmizdə planlı vaksinasiyadan yararlananların sayı kifayət qədər yüksəkdir. Biz inanırıq ki, insanları inandırmaqla, inamını qazanmaqla könüllülük əsasında böyük əhali qrupunun vaksinasiyadan keçməsinə nail olacağıq. İctimaiyyəti inandırmaq üçün ən şəffaf məlumatları paylaşmaq lazımdır. Həmin məlumatları vətəndaşlarla bölüşəcəyik.
Vaksinasiyadan sonra yaranan immunitetin dayanıqlığının nə qədər olacağı ilə bağlı yekun tədqiqat nəticəsi əlimizdə yoxdur. Əksər alimlərin fikrincə, peyvəndləmədən sonra ən azı bir il gözləmək lazımdır. Bu müddətdə ola bilsin ki, virus mutasiyaya uğrayıb həyatımızdan çıxsın. Həmçinin ehtimal var ki, bundan sonra mövsümi qrip xəstəliyi kimi ildə bir dəfə koronavirus əleyhinə vaksinasiyaya da ehtiyac yaransın. Bu, vaksinasiyadan sonra yaşayıb görəcəyimiz nəticələrdir. Bunun üçün tədqiqatlar hələ davam etdirilməlidir”.
R.Bayramlı, həmçinin deyib: “Peyvənd olunandan sonra bizim gözlədiyimiz məsələ anticisim cavabının formalaşmasıdır. Qanda anticisim testi yetərli olacaq ki, peyvənd vurdurmağımız məlum olsun. Bundan başqa, tədbirlər planında yer alan strateji məsələlərdən biri peyvəndləmənin elektronlaşdırılmasıdır. Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. Mütəxəssislər bu proqram üzərində çalışırlar. Burada peyvəndləmədə göstəriş və əks göstərişlər nəzərə alınmalıdır. İnsanlara vaksinin hər iki dozası vurulmalıdır. Birinci dozanı vurduranlara ikinci dozanı vurdurmaq vaxtı üçün xəbərdarlıq edilməlidir. Elektron sistem e-təbib proqramı üzərində hazırlanıb. Sistem demək olar ki, tam hazırdır. Bundan başqa, barkodlu və hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvəndləmədən keçən şəxslərə onun çap versiyası da veriləcək. Əgər hər hansı xarici ölkə koronavirus vaksini ilə əlaqəli sənəd tələbi irəli sürsə, biz buna hazırıq və həmin vətəndaşlara pasportun çap versiyası təqdim ediləcək”.
TƏBİB-in sədrinin sözlərinə görə, inaktiv vaksinlərin əlavə təsirləri demək olar ki, çox azdır: “İndiyədək bizə vurulan bütün vaksinlərin tərkibində bəzi maddələr var. Məsələn alüminiumdan istifadə olunur və vaksin hissəcikləri həmin alüminiuma hopdurulur. Alüminiuma qarşı allergiyası olanlara – bu da çox nadir halda rast gəlinə bilər – allergik reaksiya verə bilər. Bundan başqa, inaktiv vaksinlərin ciddi əks göstərişlərinin və əlavə təsirlərinin şahidi deyilik. Koronavirus təkcə ağciyəri zədələmir. Mərkəzi sinir sistemi, ürək qan-damar sistemi, damarların endoteli, çoxalma orqanları, qadın orqanları. Bu orqanların daxilində virus çoxala bilir. Bundan başqa, xəstəlikdən sonra da davam edən əlavə təsirlər var. Xəstəlikdən sağalıb evə yazılan xəstələr arasında bir neçə həftədən sonra insult, miokard infarktı keçirmə halları müşahidə olunub. Virus laxtalanma sisteminə çox ciddi təsir edir. Ona görə də xəstəliklə vaksinin yan təsiri müqayisəolunmazdır”.