Pakistan İranla ən azı bir Qətər mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi barədə razılığa gəlib. Bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
İyulun əvvəlindən Qətərin Ras-Laffan ixrac terminalında yükləndikdən sonra Fars körfəzində gözləyən Al Areesh tankeri cümə axşamı səhər Hörmüz boğazını keçib. Gəmi transponderi aktiv vəziyyətdə boğazı keçərək hazırda Pakistan istiqamətində hərəkət edir.
Mənbələrdən birinin sözlərinə görə, boğazdan təhlükəsiz keçidlə bağlı əldə olunan razılaşma digər LNG daşımalarına da şamil oluna bilər.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan sonra Pakistan ciddi yanacaq qıtlığı ilə üzləşib. Daha əvvəl, 2026-cı ildə İslamabad bir neçə LNG partiyasının təhlükəsiz keçidi ilə bağlı Tehranla razılıq əldə etmişdi. Lakin münaqişənin yenidən alovlanması bu tədarükləri dayandırmışdı.
Pakistan Qətərdən idxal olunan yanacaqdan ciddi şəkildə asılıdır. Daha əvvəl bu tədarüklərin dayandırılması ölkədə genişmiqyaslı elektrik kəsintilərinə səbəb olmuşdu. Agentliyin məlumatına görə, Pakistan fevral ayından bəri Qətər tədarüklərini əvəz etmək üçün spot bazarlardan LNG alınmasına 400 milyon dollardan çox vəsait xərcləməyə məcbur qalıb.






