Yaponiyalı tədqiqatçılar fermerlərə yetişdirdikləri məhsulu toplamağa kömək etmək üçün meyvəyığan robot hazırlayıblar. Süni intellektlə təchiz edilən robotun alma və armudları təqribən insanla bərabər sürətlə yığdığı bildirilir.
Robotun hazırlanmasında Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatı, Ritsumeykan Universiteti və avtomobil hissələri istehsalı sahəsində ixtisaslaşan “Denso” şirkəti iştirak edib.
Qeyd edilir ki, robotun hər əlində meyvəni yığmaq üçün üç tutacaq yerləşdirilib. Bu əllər pilotsuz qolf arabası üzərində yerləşdirilib. Robotun təchiz olunduğu süni intellekt texnologiyası meyvənin rənginə və digər parametrlərinə görə onun yetişdiyini müəyyən edir. Meyvə toplayan işçilər kimi, robot da bir meyvəni dərməyə təqribən 11 saniyə vaxt sərf edir.
Fermerlərin yükünü azaltmaq məqsədilə robotun fəaliyyətini təkmilləşdirmək istiqamətində iş davam etdiriləcək.