2020-ci ildə Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 29.7 milyard manat təşkil edib.
Banker.az Bakı Şəhər Statistika İdarəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4.8% azdır.
Məlumata görə, sənaye məhsulunun 74.6 %-i mədənçıxarma, 22.5 %-i emal, 2.1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 78.7 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85.3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14.7 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2021-ci ilə 343.9 mln manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91.3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.