11 C
Baku
Wednesday, December 11, 2024

“Samsung Galaxy M12” smartfonu təqdim edilib

“Samsung” şirkəti gözlənilmədən yeni ucuz “Galaxy M12” smartfonunu təqdim edib.

“Samsung Galaxy M12” aparatı göy, mavi və firuzəyi rəngli korpuslarda əlçatandır. Smartfon 1600×720 piksel təsvir ölçülü 6,5 düymlük LCD displeylə təchiz edilib. Barmaq izləri skaneri sağ tərəfdə işəsalma düyməsinə quraşdırılıb.

Aparat 2 QHs-dək takt tezliyində işləyən 8 nüvəli “Exynos 850” prosessoru, qrafika üçün “Mali-G52” videosürətləndiricisi ilə təchiz edilib. Versiyadan asılı olaraq əməli yaddaşın tutumu 3-dən 6 QB-dək təşkil edir, məlumatların saxlanılması üçün isə 32-dən 128 QB-dək daxili yaddaş nəzərdə tutulub. “MicroSD” yaddaş kartları üçün 1 TB-dək tutuma malik slot var. Uyğunlaşdırılmış slot yaddaş kartı ilə eyni vaxtda, həmçinin iki SİM kart quraşdırmağa imkan verir.

Əsas kamera 4 moduldan ibarətdir: 48 mp-lik əsas, 123 dərəcə baxış bucağına malik 5 mp-lik genişbucaqlı, portret şəkilləri və makroçəkiliş üçün 2 ədəd iki meqapiksellik sensor. “Full HD” formatında saniyədə 30 kadr olmaqla video çəkilişi mümkündür.

6000 milliamper/saat tutumunda akkumulyator quraşdırılıb. İstehsalçı “Wi-Fi” ilə qoşulma zamanı veb-serfinq rejimində 24 saatadək və ya videoya baxış rejimində 23 saat avtonom işləməyi vəd edir. “USB Type-C” konnektoru vasitəsilə 15 vatlıq sürətli enerjidoldurma texnologiyası var.

Smartfon “OneUI 3” interfeysli “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. “NFC” çipi, yəni təmassız ödəniş dəstəyi nəzərdə tutulmayıb.

MənbəIctnews.az
Son xəbərlər
Digər xəbərlər