“ByteDance” şirkətinə məxsus olan “TikTok” video xidməti ABŞ-ın elektron ticarət bazarında “Facebook” ilə rəqabət aparacaq.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sosial şəbəkə 2021-ci ildə satışdan komissiya qazanmağa, o cümlədən satışda olan məhsullar barədə məlumat verməyə imkan verən yeni xidmətlər işə salmağı planlaşdırdığını açıqlayıb.
Bildirildiyi kimi, “TikTok” markalara məhsul kataloqlarını platformada təqdim etmək imanını verəcək. Eyni zamanda, istifadəçilərə “TikTok” ulduzlarının üzərindəki məhsulları gördükdən sonra onları bir neçə kliklə almağa qoyacaq.
Üstəlik, “TikTok” reklam platformasını inkişaf etdirməyi planlaşdırır. Sosial şəbəkə targetinq alətləri üzərində işləyəcəyini bildirib. Qeyd edək ki, “TikTok”un bu yenilikləri bəzi reklamçılar tərəfindən ehtiyatla qarşılanıb. “Bu platforma reklamçıların əməkdaşlıq etməyə hazır olduğu bir yer deyil”,- deyə reklam agentliyinin nümayəndələrindən biri söyləyib.
Buna baxmayaraq, ABŞ-dakı bəzi reklamçılar tətbiqin təşəbbüsünü daha müsbət qarşılayıb. Məsələn, “Foote” reklam agentliyinin innovasiyalar direktoru Kris Xut qeyd edir: “ABŞ-ın siyasi rəhbərliyindəki dəyişikliklər müştərilərə bu platformada özlərini daha rahat hiss etməyə imkan verib”.
Marketoloqların fikrincə, “TikTok”un ən böyük üstünlüyü gənc istifadəçi auditoriyasıdır. Hesablamalara görə, bu platformadakı insanların 40%-nin “Facebook”, 63%-nin isə “Twitter” hesabı yoxdur.
Xatırladaq ki, 2020-ci ildə “Facebook” şirkəti “Instagram”a məhsulların alışını sadələşdirən alətlər əlavə etmişdir. Eyni zamanda, “TikTok”un rəqibi olan “Reels” xidmətini işə salmışdır.