“YouTube”un məhsul direktoru Nil Mohan öz bloqunda 2021-ci ilin yeniliklərindən bəhs edib. Onlar arasında ödənişli alqışlar da var.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Mohanın sözlərinə görə, bu funksiya bloggerlərə maddi cəhətdən dəstək olmaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Ödənişli alqışlar pul qazanmaq üçün yeni imkanlar açır. Bildiyimiz kimi, “YouTube” xidməti “Google” şirkətinə məxsusdur və sonuncunun verdiyi məlumata görə, “alqışlar” funksiyası artıq Avstraliya, Braziliya, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya və ABŞ-da əlçatan olub.
Gələcəkdə bu ölkələrin siyahısını genişləndirmək planlaşdırılır. Qeyd edək ki, virtual alqışlara görə pul ödəmək üçün istifadəçi videonun altındakı müvafiq düyməni basmalı və ekranda görünəcək təlimatları izləməlidir.
Virtual alqışlardan əlavə, 2021-ci ildə “YouTube” naviqasiyanı sadələşdirmək, saytın ana səhifəsinin dizaynını dəyişdirmək və “YouTube TV” xidmətini inkişaf etdirmək niyyətindədir.
Gələn il valideynlərə “YouTube Kids” ilə işləmək üçün yeni alətlər təklif olunacaq. Onlar əsas platformadakı kanalları və videoları icazə verilən kontent siyahısına əlavə edə biləcəklər.
Eyni zamanda, il ərzində “YouTube” xidməti “TikTok”un analoqu adlandırılan “Shorts” üzərində işləməyə davam edəcək. İndiyədək bu xidmətin yalnız beta versiyası mövcud olub.
Tərtibatçılar 2021-ci ildə “YouTube”a elektron kommersiya platformasının inteqrasiya edilməsini gözləyirlər. Onların sözlərinə görə, bu, biznesin işini kökündən dəyişdirəcək.