2020-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 339,5 milyon manat təşkil edib.
Bu, 2019-cu ilin sonu ilə müqayisədə 4,15% azdır.
Azalma “AXA Mbask” Sığorta Şirkəti və “Amrah Sığorta” ASC-lərinin sığorta bazarını könüllü şəkildə tərk etməsi, “Standard Insurance” Sığorta Şirkəti ASC-nin isə bazardan məcburi şəkildə kənarlaşdırılması ilə bağlıdır.
Bu ilin əvvəlinə sektorun aktivlərinin 516,2 milyon manatı və yaxud 38,5%-i qiymətli kağızlara investisiyalar olub. Bu, ötən ilin əvvəlinə nisbətən 6,9% azdır. O cümlədən sığortaçıların dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar 7,2% azalaraq 436 milyon manata, qeyri-dövlət qiymətli kağızlarına qoyduğu investisiyalar isə 4,75% azalaraq 80,2 milyon manata düşüb.
Hesabat dövründə sektorun depozit hesablarındakı vəsaitləri 13,5% azalaraq 313,5 milyon manat, pul vəsaitlərində olan digər aktivləri 19% artaraq 121,3 milyon manat, digər aktivləri isə 2,5% artaraq 388,5 milyon manat təşkil edib.