“Azərşəkər” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə ikinci dəfə artırılıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, “Azərşəkər”in nizamnamə kapitalının həcmi cari ilin mart ayında 8.55 milyon, yaxud 25.4% artırılıb.
Qida şirkətinin nizamnamə kapitalının həcmi bu artımdan sonra 42.15 milyon manat olmuşdur.
2021-ci ilin yanvarında 0.9 milyon manat, yaxud 2.75% artırılmışdı. Şirkətin kapitalı 32.7 milyon manatdan 33.6 milyon manata çatdırılmışdı.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.
17 mart 2021-ci il tarixdə “Azərşəkər” və Türkiyənin “Agrobay Seracılık” şirkətləri arasında Azərbaycanda yeni müştərək heyvandarlıq və əkinçilik Aqroparkının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalanıb. Şirkətin ötən günkü press-relizində qeyd edilir ki, Yevlax rayonunda yerləşəcək Aqroparkın fəaliyyətinin həyata keçirilməsi üçün 23 milyon manat investisiya ayrılacaq və müəssisənin fəaliyyətə başlaması ilə regionda 116 nəfər daimi iş yeri ilə təmin olunacaq.