OpenAI-nin qlobal siyasət üzrə rəhbəri Kris Lihey bildirib ki, şirkət artıq bir neçə həftədir Anthropic və Google ilə süni intellekt modellərinin təhlükəsizliyini artırmaq və onların inkişaf tempini müəyyən qədər azaltmaq üçün mümkün tədbirləri müzakirə edir.
Süni intellekt şirkətləri arasında belə “pərdəarxası” razılaşmaların müzakirə edildiyi barədə ilk məlumat sentyabrın 13-də yayılmışdı.
Lihey bildirib ki, OpenAI üç şirkətin təhlükəsizlik məsələlərində fəaliyyətini koordinasiya edə bilməsi üçün antiinhisar qanunvericiliyindən xüsusi istisnaya ehtiyac görmür.
Bununla belə, ABŞ senatorları Cim Benks və Adam Şiff süni intellekt sistemləri üzərində nəzarətin itirilməsi hallarında şirkətlərə məlumat mübadiləsi aparmağa imkan verən qanun layihəsi təklif ediblər. Bloomberg-in mənbəsinə görə, bu təşəbbüs artıq ABŞ-nin illik müdafiə büdcəsi ilə bağlı qanun layihəsinə daxil edilib.
ABŞ Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson isə belə bir təşəbbüsə şübhə ilə yanaşıb. Onun sözlərinə görə, süni intellekt şirkətləri sanki rəqiblərin bazara daxil olmasını çətinləşdirəcək baryerlər yaratmağa çalışırlar.
ABŞ Prezidenti Donald Tramp da Truth Social hesabında süni intellektin inkişafına məhdudiyyət qoyulmasına qarşı çıxıb və Anthropic ilə OpenAI-nin təhlükəsizliklə bağlı narahatlıqlarını “mistifikasiya” adlandırıb.
Süni intellekt agentlərinin potensial ekzistensial riskləri ilə bağlı narahatlıq Anthropic-in baş direktoru Dario Amodeinin bu mövzuda çıxışından sonra daha da güclənib. O, şirkətləri qabaqcıl süni intellekt sistemlərinin hazırlanmasını yavaşlatmağa və təhlükəsizlik tədbirlərini koordinasiya etməyə çağırıb.
Bu mövqeyi OpenAI-nin baş direktoru Sem Altman, SpaceX rəhbəri İlon Mask, Microsoft-un baş direktoru Satya Nadella və Alphabet-in baş elmi əməkdaşı Demis Hassabis də dəstəkləyiblər.







