Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında 5,22 milyon dollara çatıb. Bu, ötən ilin eyni dövründəki 894 min dollarla müqayisədə 5,8 dəfə və ya 483,3% artım deməkdir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bir il ərzində Qırğızıstana yönəldilən investisiyalar 4,32 milyon dollar artıb. Qırğızıstandan Azərbaycana yatırımlar isə AMB-nin ölkələr üzrə siyahısında ayrıca göstərilməyib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2026-cı il iyulun 1-dək Azərbaycandan Qırğızıstana yığılmış birbaşa investisiyalar 68,8 milyon dollar, əks istiqamətdə isə 25,2 milyon dollar təşkil edib.
Azərbaycan kapitalının Qırğızıstandakı əsas kanallarından biri Azərbaycan–Qırğız İnkişaf Fondudur. Fondun 2026-cı ilin martına 18 milyon dollar dəyərində 6 layihəsi olub. İyunun sonuna layihələrin sayı 11-ə, onların ümumi dəyəri isə 76,7 milyon dollara çatıb.
Fondun investisiyaları əsasən energetika, tekstil, yaşayış tikintisi, səhiyyə və sənaye sahələrinə yönəlib. İssık-Kul vilayətində 9 MVt gücündə “Tyup HES”, Oş vilayətində 5,4 MVt gücündə kiçik SES, “KG TEX” tikiş fabrikinin genişləndirilməsi və “Orion Grand” şirkətinin kovrolin istehsalı layihəsi bu sıradadır.
Azərbaycanın Qırğızıstandakı iri layihələrindən biri də İssık-Kul sahilindəki “Baku Resort & Spa” beşulduzlu hotelidir. Kompleks 17,2 hektar ərazidə yerləşir və 120-dən çox otağa malikdir.







