1933-cü ildə yaradılan fransız şirkəti Lacoste geyim, ayaqqabı, parfümeriya, optik və gün eynəyi, tennis ayaqqabıları, saatlar və müxtəlif dəri məhsulları istehsal edir. Şirkətin simvolu və loqotipi yaşıl timsah təsviridir.
Rene Lacoste iki sahədə uğur qazanmış məşhur fransız tennisçi idi. Bu sahələr dəb və tennis idi. 1926-cı ildə ABŞ-da keçirilən tennis üzrə açıq çempionatda o öz əlləri ilə hazırladığı ağ qısa qol köynəyi geymişdi. Bu köynək bütünlüklə toxunma parçadan hazırlanmışdı və isti havada onunla oynamaq çox rahat idi. Bu idmanla məşğul olduqda geymək üçün ilk xüsusi geyim idi. Bu köynək o dövrün “tennis” köynəklərindən xeyli fərqlənirdi. 1927-ci ilin kuboku zamanı amerikan mətbuatı Lacoseteni “alliqator” adlandırdı. Buna səbəb onun idman çantasının timsah dərisindən hazırlanması barədə mübahisələr idi.
Fransada isə Lacostenin ləqəbi “timsah” olaraq dəyişdirildi. Lacostenin dostu Robert Corc onun üçün timsah rəsmi çəkdi və bu rəsm onun oyunda geydiyi köynəyin üzərində təsvir edildi.
1933-cü ildə rene Lacoste idman sahəsindən uzaqlaşdıqda Andre Jilye ilə birgə “La Societe Chemise Lacoste” şirkətini yaratdı. Şirkət üzərində timsah təsvir edilən tennis köynəkləri ilə inqilabi şirkətə çevrildi. Tennis üçün idman köynəklərindən başqa şirkət qolf və yelkənli idmanlar üçün də geyimlər istehsal edirdi. 1951-ci ildə şirkət öz adətlərindən kənara çıxaraq, tək ağ deyil, rəngli köynəklər də istehsal etməyə başladı. 1952-ci ildə Lacoste öz məhsullarını ABŞ-a “Lacoste – bacarıqlı idmançının rəmzi simvolu” şüarı altında ixrac etməyə başladı.
1963-cü ildə şirkət Renenin oğlu Bernard Lacoste-un səlahiyyətinə keçdi. Onun rəhbərliyi altında şirkət yeni inkişaf mərhələsinə qədəm qoydu və satılan məhsulların sayı 300 000-ə çatdı. Şirkət əsl populyarlıq zirvəsinə 70-ci illərdə nail oldu. Belə ki, şirkət T-shirt, ətriyyat, optik və gün eynəkləri, tennis üçün idman ayaqqabısı, gündəlik istifadə üçün dəbli ayaqqabı, saatlar və müxtəlif dəri məhsulları istehsal etməyə başladı.
Son zamanlar Lacoste brendinin məşhurluğu fransız dizayner Christophe Lemaire sayəsində daha da artdı. Christophe Lemaire daha yüksək keyfiyyətli dizayn yaratmağa çalışırdı. 2005-ci ildə Lacoste markası adı altında bütün dünyada, 100-dən çox ölkədə 50 milyondan artıq məhsul satılmışdır.
Geyim, ayaqqabı və aksessuar istehsalı ilə məşğul olan şirkət həmçinin böyük uğurla kişi və qadınlar üçün ətir də istehsal edir. Ümumilikdə, Lacoste ətirlərini Casual və Sport tərzlərinə ayırmaq mümkündür. Lacoste ətirlərinin yaradılmasında Laurent Bruyere, Olivier Cresp, Claude Dir, Annick Menardo və Domitille Michalon kimi ətriyyatçılar iştirak etmişlər. Lacoste brendi kimi ilk ətir isə 1984-cü ildə peyda olmuşdur.