15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın qiymətli bazarında vəziyyət – Rüfət Aslanlının mövqeyi – MÜSAHİBƏ

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının müsahibəsi

– Dünya bazarlarında qeyri-sabit vəziyyət şəraitində Azərbaycanın kapital bazarının inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

– Kapital bazarı iqtisadiyyatın o qədər çoxtərəfli sektorudur ki, bu seqmentdə prosesləri birmənalı qiymətləndirmək mümkün deyil: yaxşı və ya pis, müsbət, yaxud mənfi. 2014-cü ildə bəzi birja məhsulları, o cümlədən enerji daşıyıcıları üzrə qiymətin azalması şəklində xarici pressinq faktoru mövcud olub. Həmçinin xüsusi ilə Azərbaycanın yerləşdiyi regionda bir sıra milli valyutaların devalvasiyası amili olub.

Qlobal iqtisadiyyatda geosiyasi dəyişiklik amili çox ciddi təsir göstərib və bütün bunlar qaçılmaz olaraq Azərbaycan iqtisadiyyatında əksini tapıb. Lakin ümumilikdə ölkə iqtisadiyyatı və Azərbaycanın kapital bazarlarında proseslər xarici təhdidlərə çox ciddi dayanıqlıq göstərdilər.

– Artım tempi baxımından kapital bazarının dövriyyəsinin ÜDM-in artım tempini üstələdiyini nəzərə alsaq, bazar necə inkişaf edib? 2014-cü il ümumilikdə nə ilə yadda qaldı?

– Hesab edirəm ki, ötən il ərzində ölkənin kapital bazarında olduqca ciddi, say və keyfiyyət nəticələri əldə olunub. Qeyd etmək lazımdır ki, 2011-ci ildə Qiymətli Kağızlar Bazarının İnkişafı üzrə Dövlət Proqramı qəbul edildikdən sonra son bir neçə il ərzində dövlət və QKDK kapital bazarının bütün əsas aspektlərində islahatların aparılması üzrə ardıcıl tədbirlər həyata keçirilir və nəticə olaraq, 2014-cü ildə artıq kifayət qədər ciddi keyfiyyət dəyişikliklərinə malik idik.

Birincisi, ötən il derivativ maliyyə alətləri üzrə ticarət platforması fəaliyyətə başladı. Hüquqi əsaslanma, əməliyyat platforması, potensialın möhkəmləndirilməsi təsdiq edildi və iyulun 21-də sistem işə salındı. Nəticədə yarım il ərzində mal-xammal derivativlər və xarici valyutada derivativlər üzrə əməliyyatların həcmi 4,3 milyard manata çatıb ki, bu da qiymətli kağızlar bazarında əqdlərin ümumi həcminin üçdə birini təşkil edir.

İkincisi, biz ötən il nəhayət ki, təkrar bazarda likvidliyin təminatı və birja ticarətində rəqabətli qiymət müəyyənləşdirmə mexanizmlərini işə sala bildik. Bu, o deməkdir ki, ötən il ərzində iri oyunçular, iri maliyyə şirkətləri bazar qiymətləri üzrə konkret bazar kağızlarını almaq və satmaq öhdəliklərini üzərlərinə götürərkən biz marketmeykerlik institutunu yaratdıq.

2014-cü il ərzində likvidliklə təmin edilən maliyyə institutlarının sayı 13-ə çatıb və bu, təkrar bazarda və sonra isə ilkin bazarda, xüsusi ilə də korporativ kağızlar bazarında bu kağızların likvidliyinin və onlara tələbatın artmasına yardım etdi. Yekunda bazarın bu seqmentində əməliyyatlar 2,2 dəfə artdı.

Üçüncü böyük keyfiyyət dəyişikliyi onunla əlaqədardır ki, Azərbaycanda kapital bazarı institutlarının mövcud olduğu 15 il ərzində struktur dəyişiklikləri ona gətirıb çıxardı ki, hazırda ölkənin bazar institutları və kapital bazarları həmin isntitutların maliyyə dayanıqlığını təmin edən dəyərləri yenidən hasil edirlər. 2014-cü ilədək Bakı Fond Birjası kimi institutların və depozitar, klirinq hesablama institutlarının əsas gəlirləri dövlət qiymətli kağızlarla əməliyyatlar, o cümlədən klassik təsnifatda kapital deyil, pul bazarının alətləri olan Azərbaycan Mərkəzi Bankının notları ilə repo və əks repo əməliyyatlar hesabına yığılıb. BFB, depozitar mərkəz və digər əsas maliyyə vasitəçilərinin gəlirlərinin üçdə ikisinə qədəri əsasən dövlət alətləri hesabına formalaşıb.

Dövlət bu institutların inkişafını dolayısıyla dəstəkləyib. 2014-cü ildən başlayaraq özəl korporativ sektorun əməliyyatları dominantlıq etməyə başladı və qiymətli kağızlar bazarında əməliyyatların üçdə ikisinə çatıb. Müvafiq olaraq, institutların gəlirləri artıb, onlar dövlət alətləri ilə ticarət hesabına deyil, özəl korporativ sektorun ticarətindən formalaşır. Bu, ona gətirib çıxarır ki, kapital bazarları özəl sahibkarlığın və bazar iqtisadiyyatının elementi kimi bu institutların maliyyə dayanıqlığını və sabit fəaliyyət göstərməsini təmin edən dəyərləri yenidən hasil etməyə başladılar.

– Fond bazarında Cənub Qaz Dəhlizi kimi regional layihələrin maliyyələşdirilməsi üçün istiqrazlarla əməliyyatlara başlanılıb…

– Bu, maliyyə bazarlarının regional platformasında buraxılan maliyyə alətləri hesabına belə iri regional layihə maliyyələşdirilərkən təkcə Azərbaycanın kapital bazarlarında deyil, həmçinin regiondakı kapital bazarları tarixində ilk dəfə baş verdi. Bu, çox əhəmiyyətli faktordur. Lakin hesab edirəm ki, bu, kəmiyyət-keyfiyyət məsələsidir.

Biz bazarın fəaliyyətinin qanunvericilik bazasını təkmilləşdirərkən, praktiki olaraq əməliyyat və ticarət platformalarını yenidən yaradarkən, qaytarılmayan əqdləri, sərmayədarların və emitentlərin zəmanətli hüquqlarını təmin edərkən bu, keyfiyyətli mühüm dəyişiklərə gətirib çıxardı.

Bütün bu institusional islahatlar ona səbəb oldu ki, belə iri layihələri Azərbaycanın kapital bazarının alətləri vasitəsi ilə maliyyələşdirmək mümkün oldu. Özlüyündə istiqrazlar üzrə ticarət bizdə xeyli müddətdir bazar platformalarında aparılır. Yalnız o dəyişdi ki, məbləğ kifayət qədər böyük idi və emitent qismində Avropanın enerji təhlükəsizliyi sahəsində çox vacib oyunçu olan ciddi institut çıxış etdi.

– Bazarın belə inkişaf tendensiyalarının davam etməsi mümkündürmü?

– Hazırda vəzifəmiz ondan ibarətdir ki, bu trendlərin ardıcıllığına və bu seqmentin maliyyə resursları ilə təkcə iqtisadiyyatın qeyri-neft sektorunu deyil, həmçinin hasil edilmiş gəlirlər hesabına instiutların institusional inkişafını təmin edə bilməsinə nail olaq.

– 2015-ci ildə kapital bazarının inkişaf gözləntiləri hansılardır?

– Beynəlxalq platformalarda yaranan və neftin qiyməti ilə bağlı çağırışlara cavab vermək üçün kifayət qədər ciddi maliyyə və institusional platformamız var. Bəli, gəlirlərmiz müəyyən dərəcədə neft və enerji daşıyıcılarından yığılır və bu məhsulun qiymətinin bir neçə ay ərzində 2 dəfədən çox düşməsinin iqtisadi proseslərə müəyyən təsirləri var. Lakin digər tərəfdən, ehtiyatlarımız var və mən heç vaxt Dövlət Neft Fondunda yığılmış maliyyə ehtiyatlarını nəzərdə tutmuram.

Hesab edirəm ki, öz qısa müstəqillik tarixində artıq üç ciddi dünya böhranı yaşayaraq institusional möhkəmlik ehtiyatı və topladığımız təcrübə, həmçinin insan resursu yeni çağırışılar qarşısında da dayanmağa imkan verəcək. 2015-ci ildə bizim sektora (kapital bazarı) gəlincə, kifayət qədər nikbin məqsədlərimiz var və onlara qarşı ardıcıl irəliləyirik. Onlar arasında qanunvericiliyin təkmilləşdirilməsi (“Qiymətli kağızlar bazarı və fond birjaları haqqında” yeni qanunun və fond birjasında əməliyyatlar üçün spesifik vergi rejiminin qəbul edilməsi), debüt IPO-nun həyata keçirilməsi, ilk birja indeksinin formalaşdırılması, investisiya fondlarının təsis edilməsi, marketmeykerlik institutunun gələcək inkişafı, derivativlərlə ticarətin genişləndirilməsi və s. var.

Son xəbərlər
Digər xəbərlər