Azərbaycanın Sahibkarlığın İnkişafı Fondu 2020-ci il üzrə 30 milyon 716 min manat həcmində zərər edib.
Bu barədə Banker.az SİF-in illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2020-ci il üzrə 7 milyon 997 min manat həcmində verdiyi kreditlərdən faiz gəliri əldə edib. Fondun cərimədən gəlirləri 11 min manat, depozitdən gəlirləri 1 milyon 1 min manat, zəmanət haqqı 650 min manat, komissiya haqqı 51 min manat və digər gəlirləri isə 4 min manat olub. Ümumilikdə əməliyyat gəlirlərinin həcmi 9 milyon 720 min manat təşkil edib.
SİF-in işçi heyəti ilə bağlığ xərcləri 4 milyon 86 min manat, inzibati xərcləri 629 min manat, amortizasiya xərcləri 434 min manat olarkən kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat ayırmalarının həcmi 35 milyon 86 min manat təşkil edib.
Nəticədə Fondun 2020-ci ilin 4 rübü üzrə zərərinin həcmi 30 milyon 716 min manat təşkil edib.
Qeyd edək ki, SİF-in məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.