15.06.2021 – Şuşa bəyannaməsi. Daha çox siyasi tərəfi müzakirə olunan Şuşa bəyannaməsi təkcə Azərbaycanın deyil, həm də Qafqazdakı hər 3 ölkənin iqtisadiyyatlarındakı inkişaf yolları, prioritetləri, balansları, istiqamətləri əsaslı şəkildə dəyişəcək tarixi bir sənəddir.
– Bu günə qədər iqtisadi sahədə düşünülən bir çox məqamlar unudularaq yeni gerçəkliklərə uyğun yeni iqtisadi prioritet və istiqamətlər müəyyən ediləcək.
– İdxal-ixrac və monetar siyasətlər, turizm, istehsal-emal sahələrində bir çox köhnə məsələlər unudularaq yaranmaqda olan yeni gerçəkliklərin tələblərinə uyğun siyasətlər formalaşacaqdır.
– Məşğulluq, valyuta kursu və inflyasiya (yeri gəlmişkən, təkcə inflyasiyanı azaltmaq hədəfi güdən və yaxın müddət üçün keçici effekt verib orta və uzun müddətdə müxtəlif iqtisadi sahələrdə boğulma ilə nəticələnmə riski olan addımlar mövcuddur ki, bu addımları atan ölkələr dərin iqtisadi tələlərə düşə bilərlər) ölkəmizin ən çox fokuslandığı 3 fundamental istiqamət olacaq. Qalan istiqamətlər (idxal-ixrac, istehsal və sair) bu 3 fundamental istiqamətin həllinə xidmət edəcək alt kateqoriayalar, dəstəkləyici faktorlar və sair kimi xarakterizə oluna bilər.
– Türkiyə iqtisadiyyatı indiyə qədər fokuslandığımız Rusiya iqtisadiyyatından köklü şəkildə fərqlənən, daha dərin, daha geniş, daha çox strukturlaşmış və formalaşmış bir iqtisadiyyatdır. Bu iqtisadiyyatla daha da yaxınlaşmaq üçün bu iqtisadiyyatı (ümumilikdə deyil, incəliyinə qədər) öyrənmək də kifayət etmir; bu iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı ilə daha optimal, win/win (uduş/uduş) prinsipləri əsasında uzlaşma yollarının operativ və səmərəli bir şəkildə axtarılması, araşdırılması çox vacibdir.
– Çoxlu üstünlükləri (bir neçə təqdirəlayiq addımlar atılmaqdadır. Bunlardan biri də Azərbaycanın məşhur brendlərinin məşhur türk seriallarında reklamı vasitəsilə həmin brendlərin Türkiyə, Yaxın Şərq və dünya bazarlarına çıxarılması addımlarıdır. Dünən də Türkiyənin ən reytinqli məşhur seriallarından olan “Eşkiya dünyaya hükumdar olamaz” serialında Badamlının geniş reklamı oldu. Təqdirəlayqdir.) ilə yanaşı riskləri də mövcuddur. Biz hər iki iqtisadiyyatın təhlili və ortaq yollarının tapılması ilə üstünlükləri daha da artıra bilərik.
– İnkişaf etmiş ölkələrin əsas prinsiplərindən biri budur ki, siyasət iqtisadiyyata xidmət edir. Bu gün atılan siyasi addımlar əslində sabah formalaşacaq yeni iqtisadi əlaqə və istiqamətlərin, hətta haqqında çox danışılan Yeni Dünya Düzeninin əsaslarını qoyur. Biz təkcə Türkiyə-Azərbaycan iqtisadi əlaqələri və yaxud regionda yaranması nəzərdə tutulan iqtisadi platformaların fonunda Azərbaycanın mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri deyil, həm də dünyada baş verəcək dəyişikliklərin fonunda ölkəmizin mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri hər hansı eyforiya, ümumi və dayaz təhlillərdən uzaq olmaqla həm geniş, həm dərin təhlil edərək düzgün nəticələr çıxara bilərik.
Haşiyə: Qeyd etdiyim strateji inkişaf xətlərini, yollarını maksimum qısa xarakterizə etməyə çalışdım. Bizi bu istiqamətlərdə gərgin və sürətlə həyata keçiriləcək iş və planlar gözləyir. Amma, əminəm ki, növbəti 1-3 il ərzində sürətli və bu gün zəkanın həzm etməkdə çətinlik çəkdiyi dəyişikliklər baş verəcək. Bu dəyişikliklərdən maksimum faydalanmaq isə hər bir dövlətin bu dəyişikliklərin nəbzini tutaraq onlara hazırlıq dərəcəsindən asılı olacaq.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert