“Azersun Holding”in iki şirkəti barəsində FHN cərimə protokolu tərtib edib.
Banker.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (İmişli Şəkər Zavodu) barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə protokol tərtib edərək İmişli Rayon Məhkəməsinə göndərib.
İXM-in bu 518.3-cü maddəsinə görə, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə cərimə edilir. Hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnir.
FHN, holdinqin pərakəndə ticarət mağazalar şəbəkəsi olan “Al Market” MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərib.
İXM-nin 518.1-ci maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə cərimələnirlər.
Bu maddənin cəriməsi hüquqi şəxslər üçün üç yüz əlli manatdan beş yüz manatadəkdir.