1 C
Baku
Saturday, December 14, 2024

Unudulmuş cüzdanlardakı kriptovalyutanın dəyəri $4.7 mlrd. olaraq qiymətləndirilib

ABŞ-da ata və oğul, Kris və Çarli Bruks tərəfindən qurulan “Cryptovantage” şirkəti insanlara kriptocüzdanların unudulmuş şifrələrini tapmağa kömək edir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Qeyd edək ki, proqramçılar itirilmiş cüzdanlarda saxlanılan kriptovalyutanı 68 110 – 92 855 bitkoin və ya 4.7 milyard dollar olaraq qiymətləndiriblər.

“Yanımıza fərqli müştərilər gəlir. Bəziləri 2017-ci ildə kriptovalyuta alıb və indi kredit borcunu ödəmək üçün pul axtarır”, – deyə Çarli Bruks “Business Insider”ə verdiyi müsahibədə söyləyib. O, şirkətin cüzdanın şifrəsini taparaq insanlara 250 min dollar dəyərində bitkoin qaytardığını əlavə edib.

Araşdırmanın başlanğıc nöqtəsi mövcud 18.5 milyon bitkoinin 20%-ə qədərinin cüzdanlarda itirilə və ya bloklana biləcəyi məlumatı olub. Proqramçılar “BitcoinTalk” forumunda itirilmiş cüzdanlar haqqında müzakirə açıblar və bu problemi dərindən öyrənməyə başlayıblar. Brukslar materialı tədqiq etdikdən sonra cüzdana girişi bərpa etmək şansının 14%-ə bərabər olduğunu müəyyən ediblər. Bu, itirilmiş bitkoinlərin təxminən 2.45%-ni tapmaq mümkün olduğu deməkdir.

Şirkətin qurucuları cüzdana girişi bərpa etməyə kömək edə bilmədikləri müştərilərdən pul almırlar. Onların əsas işi şifrəni unutmuş müştərinin həmin an nəyi rəhbər tutduğunu başa düşmək və “beyninə nüfuz etmək”dir.

“Əgər şifrəni təxmin belə edə bilmirsinizsə, mümkün variantların sayı kainatdakı atomlardan çoxdur”, – Kris Bruks söyləyib.

Xatırladaq ki, avqust ayında maynerlər bitkoin mədənçiliyi vasitəsilə 1.4 milyard dollar qazana biliblər. 2021-ci ilin aprelində, populyarlığının pik nöqtəsində kriptovalyutanın dəyəri 65 min dollar təşkil etsə də, may ayında Çin mayninqə qarşı sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb ki, bu da kriptovalyutanın kəskin ucuzlaşmasına səbəb olub. Avqust ayının sonunda bitkoinin qiyməti yenidən 50 min dolları keçib.

Son xəbərlər
Digər xəbərlər