“Stronghold Digital Mining” şirkəti “ekoloji cəhətdən sərfəli və şaquli olaraq inteqrasiya edilmiş kriptovalyuta mayninqi” proqramı çərçivəsində ABŞ-ın “Panther Creek” kömür elektrostansiyasını alıb.
Banker.az xəbər verir ki, şirkət kömür tullantılarını yandıraraq və zibildən təmizlənmiş torpaqları dövlət orqanlarına qaytararaq bitkoin mayninqi üçün enerji istehsal edəcək.
Qeyd edək ki, kömür tullantılarının ən çox olduğu ştat Pensilvaniyadır. Bu tullantılar havaya karbon qazı buraxır, torpaq və yeraltı sulara alüminium, dəmir və digər metallar yayır.
“Stronghold Digital Mining” kömür tullantılarını mayninq üçün yüksək gəlirli enerji mənbəyi hesab edir – hər 200 ton tullantıdan bir bitkoin (cari məzənnə ilə 43 min dollar) istehsal edilə bilər.
Yeni elektrik stansiyaları almaqla “Stronghold Digital Mining” 20 mindən çox mayneri enerji ilə təmin etməyi planlaşdırır. Hesablamalara görə, ABŞ-da mövcud olan kömür tullantıları 30 illik mayninq üçün kifayət edəcək.
Yayda Amerikanın ən qədim hidroelektrik stansiyalarından birinin sahibi ondan bitkoin qazanmaq üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, kriptovalyuta mayninqi elektrik enerji satışı ilə müqayisədə üç qat çox gəlir gətirir.
Mayninq – istixana tullantılarını yaradan və çoxlu enerji tələb edən bir prosesdir. Bu səbəbdən İran hakimiyyəti maynerlərlə mübarizə aparmağa başlayıb, İlon Mask isə “Tesla” avtomobillərinin bitkoinlə alışını dayandırıb.