“Mixeil Saakaşvili artıq 8 ildir Gürcüstana gələcəyini deyir, lakin o, gələ bilməyəcək, çünki qorxaqdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sabiq prezident Gürcüstanda həbs olunacağını yaxşı bilir: “Onun yeganə vəzifəsi və məqsədi ölkəmizdə xaos və qeyri-sabitlik yaratmaqdır. Saakaşvilinin məqsədi və istəyi hakimiyyətə qayıtmaqdır ki, bu, onun və komandasının əlçatmaz arzusudur”.
Baş nazir bildirib ki, Saakaşvili ölkəyə ayaq basan kimi həbs olunacaq: “Bu prosesə müqavimət göstərən istənilən şəxs qanuna müvafiq şəkildə cəzalandırılacaq”.
Qeyd edək ki, ötən gün M.Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldığını elan edib.