10 C
Baku
Tuesday, November 26, 2024

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2021-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq, 368 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 197,1 milyon manat təşkil etmişdir ki, bu da ötən ilki göstəriciyə nisbətən 23% yüksəkdir.

Ümumi gəlirlər 24,4 milyon manat, xərclər 23,7 milyon manat olmuşdur. 

Üçüncü rübdə  Bank 728,6 min manat həcmində xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən dəfələrlə çoxdur.

Məcmu kapitalın həcmi 51,6 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 26%, leverec əmsalı 12,9% təşkil edir ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. 

Cəmi bank öhdəliklərinin həcmi 5,5% artımla 311 milyon manat təşkil etmişdir.

Bank 133,2 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,3 milyon manatı əhalinin əmanətləridir.

Banka aid aktiv plastik kartların sayı il ərzində 60%-ə qədər artmaqla, 104 min ədəd olmuşdur.

Azər Türk Bank müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% artaraq, 153 min nəfərə çatmışdır.

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.

Görülən tədbirlər sırasında bu günlərdə Bankın Bakıda daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş “Mərkəz” filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.

Bu istiqamətdə növbəti addım Azər Türk Bankın Bakı şəhərində daha 5 filialının istifadəyə verilməsi olacaqdır. Bu filiallarda da bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır.

Qeyd edək ki, bu il “ATB Business” İnternet bankçılığın mobil versiyası olan “ATB Business Mobile” tətbiqi Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərinin ixtiyarına verilmişdir. Hazırda bank əməliyyatlarının 99 faizi onlayn həyata keçirilir.

Həmçinin Bankda hüquqi şəxslər və fərdi sahibkarlar üçün ADM terminalları quraşdırılmışdır. Bu terminallar vasitəsilə korporativ müştərilər cari və ya kart hesablarına vəsait mədaxil edə və ya məxaric əməliyyatını həyata keçirə bilirlər

Bundan başqa sahibkarlar hub.atb.az səhifəsi vasitəsilə elektron sənəd dövriyyəsi xidmətindən istifadə, onlayn olaraq sənədləri imzalamaq, terminaldan məxaric sifarişi etmək imkanına malik olurlar. 

Eyni zamanda müştərilərin istifadəsində olan yenilənmiş, müasir, güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır. Bunun sayəsində  son dövrdə atb360 tətbiqindən istifadə edən müştərilərin sayı 50 dəfədən çox artmışdır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər