Amerikanın avtomobil istehsalçısı “Tesla” və kosmik şirkəti “SpaceX”in qurucusu İlon Mask bəşəriyyəti aclıqdan xilas etmək üçün sərvətinin bir hissəsini xərcləməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli Maskı “fəlakətin” qarşısını almaq üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb.
Banker.az xəbər verir ki, hesablamalara görə, bəşəriyyəti aclıqdan xilas etmək üçün Maskın sərvətinin cəmi 2%-i kifayət edir.
“Əgər ÜDM 6 milyard ABŞ dollarının aclıq problemini necə həll edəcəyini izah edə bilsə, mən “Tesla” səhmlərini satmağa və sərvətimin bir hissəsini bağışlamağa hazıram. Lakin maliyyə hesabatları açıq olmalıdır ki, ictimaiyyət pulun nəyə xərcləndiyini görə bilsin”, – deyə sahibkar öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, “milyarderlər üçün vergi” təklifini tənqid edən Mask, pullarını bəşəriyyəti Marsa köçürmək üçün xərcləməyi planlaşdırdığını əlavə edib.