Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları DİN və yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reyd keçirib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Reyd zamanı sanitar norma və qaydalara uyğun olmayan şəraitdə, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin heyvan kəsiminin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qeyd olunan məntəqələrin fəaliyyəti nəzarətə götürülüb.