12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda daşınmaz əmlakın sığortası tarixi maksimumda

Azərbaycanda son illərdə ard-arda baş verən yanğınların ardından daşınmaz əmlakın könüllü sığortası qismən kiçilsə də, icbari sığortada artımlar baş verib. İlin ilk on ayında bu bazarın (könüllü və icbari) sığorta haqqları yığımı 100.7 mln. manata çatıb. Bu, öncəki il 84.16 mln. manat idi.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə könüllü olaraq daşınmaz əmlakın yanğın və digər risklərdən qorunma məqsədi ilə könüllü sığortalanması  47.07 milyon manat təşkil edib. Bu da o deməkdir ki, 2020-ci ilin analoji dövründən  0.37 mln. manat, yaxud 0.8% azdır. Banker.az bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Sığorta ödənişləri 2020-ci ilin yanvar-oktyabrında 13.1 mln. manat idisə, bu il  3.71 mln. manat olub. Yəni illik 72% azalma var. Bu da o deməkdir ki, bu, bazar sığorta şirkətləri üçün o qədər də yüklü deyil.

Daşınmaz əmlakın icbari sığorta bazarı isə son ildə 46% böyüyüb. Məsələn, 2020-ci ilin ilk on ayında ölkədə bu icbari sığorta üzrə  36.72 mln. manat sığorta haqqı yığılmışdı, 2021-ci ildə isə bu rəqəm  53.6 milyon manata yüksəlib. Cari ildə nümayiş edilən artım öncəki ildən 16.87 mln. manat və ya 46% çoxdur.

İcbari daşınmaz əmlakın sığortası üzrə şirkətlərin hadisələrə ödənişlərinin həcmi də kiçilib. 2020-ci ilin ilk on ayında  3.63 mln. manat olduğu halda bu il, bu, 1.53 mln. manat olub.

Sığorta üzrə ekspert Kamran Babayev Banker.az-a bildirir ki, hazırkı duruma baxdıqda könüllü əmlakın son illərdə stabil olduğu görünür.

“Daşınmaz əmlakın icbari sığortasında isə artım müşahidə olunur. Buna səbəb aparılan təbliğat işləri və son bir neçə böyük yanğın hadisələridir”- deyə Kamran Babayev bildirir.

Azərbaycanda son illərdə bir neçə dəfə yanğın hadisələri baş verib. Bura əhalinin yaşayış və biznes subyektlərini də aid etmək olar. Ən önəmli hadisələrə böyük ticarət mərkəzləri olan “Sədərək”, “Binə”, “Diqlas” və “EuroHome” kimi ticarət mərkəzlərinində baş verən yanğınları göstərmək olar. Həmin hadisələrdən sonra məlum olurdu ki, biznes subyektlərinin çoxunun sığorta müqaviləsi yoxdur.

2017-ci ildən başlayaraq icbari daşınmaz əmlak sığortası üzrə yığımlar artmağa başlayır. Məsələn, 2017-ci ilin yanvar-oktyabrında 21.44 mln. manatlıq icbari sığorta yığılmışdısa, bu bazar 2018-ci ilin eyni dövründə 25.3 mln. manata, 2019-da 30.42 mln. manata və 2020-ci ildə isə 36.72 mln. manata qalxmışdı.

“İnsanlar bu hadisələri görüb sığortalanmağa daha meyilli olurlar”- deyə, K.Babayev deyir.

213123123123312
Mənbə: ARMB
Son xəbərlər
Digər xəbərlər