Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) Belarusla xarici sərhədinin mühafizəsinin təcili gücləndirilməsi məqsədilə Daxili Təhlükəsizlik Fondundan Litvaya təxminən 15 milyon avro məbləğində vəsait ayırıb.
Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
“AK-nın bu qərarı nəinki çox əhəmiyyətlidir, həm də Litvanın qanunsuz miqrasiya böhranını aradan qaldırmaq səylərinə beynəlxalq ictimaiyyətin laqeyd yanaşmadığını və onu təqdir etdiyini təsdiqləyir. Məqsədimiz Litvanın, eləcə də Aİ-nin xarici sərhədinin sarsılmazlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir”, − deyə Litvanın daxili İşlər naziri Aqne Bilotayte bildirib.
Qeyd olunur ki, ayrılan vəsait sərhəd nəzarəti avadanlıqlarının − helikopterlər, pilotsuz uçuş aparatları, gecəgörmə cihazları, barmaq izi skanerləri və s. modernləşdirilməsinə yönəldilə bilər. AK Litvanın Belarusla sərhəddə yaranmış qeyri-qanuni miqrasiya böhranı aradan qaldırmaq səylərini yüksək qiymətləndirir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Litva sərhədçiləri müasir avadanlıqlar vasitəsi ilə onlara həvalə edilmiş Aİ-nin xarici sərhədlərinin təxminən 61 faiznə nəzarət edirlər. Bu cür müasir sistemlərin 2022-ci ildə Belarusla sərhədin bütün məntəqələrində quraşdırılacağı nəzərdə tutulur.
Qeyd edilib ki, payızın əvvəlində AK təcili ehtiyacları ödəmək məqsədilə Litvaya 42 milyon avro məbləğində yardım ayırıb.
Xatırladaq ki, carı ildə Litva ərazisinə 4,2 min qanunsuz miqrant daxil olub.